Türkiyədə meşə yanğınları davam edir

Artıq bir neçə gündür Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verir. Hazırda ölkənin Aliağa rayonunda başlayaraq Foça istiqamətinə yayılan meşə yanğınlarının qarşısının alınması istiqamətində tədbirlər davam edir. Şəhərin Torbalı rayonunda baş verən yanğın nəzarət altına alınıb.
AZƏRTAC xəbər verir ki, Aliağa rayonunda artıq 20 saatdan çoxdur davam edən yanğının söndürülməsi üçün bölgəyə 8 təyyarə, 16 helikopter, 100-dən artıq xüsusi texnika, eləcə də təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə qrupları da daxil olmaqla, 625 nəfərlik heyət cəlb olunub.
İzmir Valisi Süleyman Elban sosial media hesabında verdiyi açıqlamada, havanın çox isti olması, rütubət nisbətinin 20 faizdən aşağı düşməsi, eləcə də bölgədə əsən güclü və nizamsız küləyin təsiri ilə yanğının çox sürətlə yayılmağa başladığını bildirib.
Hazırda həm hava, həm də quru vasitələri ilə müdaxilə davam etdirilir.
Görülən tədbirlərlə yanğının evlərə yayılmasının qarşısı böyük ölçüdə alınıb. Lakin təhlükə ehtimalı olan 20 ev boşaldılıb. Bölgədən 600-dən çox iribuynuzlu və xırdabuynuzlu heyvan sürətlə təxliyə olunub.
Qeyd edək ki, hidrometeoroloqlar Türkiyə ərazisində anomal istilərin davam edəcəyi, bu gündən havanın temperaturunun daha da artacağını proqnozlaşdırırlar. Yanğın təhlükəsinə qarşı ölkənin bir çox bölgəsində meşəlik ərazilərə giriş qadağan olunub.



Digər xəbərlər

NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür

İran hava məkanının bağlı qalma müddətini uzadıb

Ağ ev: ABŞ kəşfiyyatı İranın nüvə obyektlərindən uranı çıxara bildiyinə dair məlumatlara malik deyil

Britaniya ABŞ-dan nüvə silahı daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq

Səudiyyə Ərəbistanı İranın Qətər dövlətinə hücumunu qəti şəkildə pisləyib
