Zəngilan şəhərinin yeni siması
20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycanın müasir tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. 2020-ci ildə işğaldan azad edilən Zəngilan bu gün genişmiqyaslı bərpa-quruculuq işlərinin, müasir şəhərsalma yanaşmalarının və Böyük Qayıdış prosesinin mühüm mərkəzlərindən birinə çevrilib. Vaxtilə dağıntılarla üzləşmiş bu torpaqlarda yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, enerji və rabitə infrastrukturu yaradılır, iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirilir. Zəngilanın yeni inkişaf modeli doğma torpaqlara qayıdışla yanaşı, innovasiyaların tətbiqi, ekoloji dayanıqlılıq və iqtisadi imkanların genişləndirilməsi prinsiplərinə əsaslanır.
Zəngilanın işğaldan azad olunması rayonun gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Dövlət tərəfindən həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir. 2022-ci ilin mayında Ağalı kəndinin ilk sakinləri doğma yurdlarında məskunlaşmağa başladılar. Bu hadisə azad edilmiş ərazilərdə yeni yaşayış modelinin formalaşdırılması və insanların normal həyat şəraitinə qovuşması baxımından mühüm mərhələ oldu. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Bu göstəricilər doğma torpaqlara qayıdışın davam etdiyini və yeni yaşayış məntəqələrinin mərhələli şəkildə məskunlaşdırıldığını göstərir. Qayıdış prosesinin əsas məqsədi yalnız insanların əvvəlki yaşayış yerlərinə köçürülməsi deyil.
Zəngilanın inkişafında Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə müasir texnologiyaların, enerji səmərəliliyinin, ekoloji həllərin və rəqəmsal xidmətlərin kənd həyatına inteqrasiyasına əsaslanır. Ağalıda yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi, parklar və digər sosial obyektlər yaradılıb. Əhalinin gündəlik ehtiyaclarının qarşılanması üçün xidmət infrastrukturu formalaşdırılıb, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə şərait yaradılıb. Kəndin mühüm xüsusiyyətlərindən biri enerji təminatında alternativ mənbələrə üstünlük verilməsidir. Həkəri çayı üzərində hər birinin gücü 212 kilovat olan üç hidravlik turbindən ibarət Arximed turbini tipli su elektrik stansiyası qurulub. İnzibati binaların üzərində ümumi gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Yaşayış evlərində istilik itkilərini azaltmaq üçün xüsusi izolyasiya materiallarından istifadə edilib. Su qızdırılması üçün günəş kollektorları, istilik təminatı üçün isə enerji səmərəliliyini artıran sistemlər tətbiq olunub. Çirkab suların bioloji təmizlənməsi nəticəsində ildə 41 min kubmetr texniki su əldə edilməsi nəzərdə tutulub. Ağalı layihəsi göstərir ki, azad edilmiş ərazilərdə quruculuq prosesi yalnız əvvəlki yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Burada daha səmərəli, ekoloji cəhətdən dayanıqlı və texnoloji baxımdan inkişaf etmiş yaşayış mühiti yaradılır.
Zəngilan şəhərinin gələcək inkişafı təsdiq edilmiş Baş plan əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Sənəd şəhərin uzunmüddətli inkişafının, yaşayış məhəllələrinin formalaşdırılmasının və infrastrukturun planlı şəkildə qurulmasının əsas istiqamətlərini müəyyənləşdirir. Şəhərdə yeni yaşayış kompleksləri, inzibati binalar, təhsil və sosial xidmət obyektləri, yol-kommunikasiya şəbəkələri yaradılır. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə baş tutub. Ümumi sahəsi iki hektardan çox olan kompleksdə 12 bina inşa edilib. Mənzillərin 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulub. Bu layihələr şəhərin tədricən yenidən məskunlaşmasına, ailələrin doğma yurda qayıtmasına və şəhər həyatının bərpasına xidmət edir. Eyni zamanda, yeni yaşayış kompleksləri müasir memarlıq həlləri, abadlıq işləri və zəruri kommunikasiya sistemləri ilə fərqlənir. Zəngilanın yenidən qurulmasında tarixi-mədəni irsin qorunması da mühüm yer tutur. XIX əsrə aid Zəngilan şəhər məscidinin bərpası və onun yanında yeni məscidin inşa edilməsi bu yanaşmanın nümunəsidir. Tarixi abidələrin qorunması ilə müasir şəhərsalmanın uzlaşdırılması şəhərin özünəməxsus kimliyinin yaşadılmasına imkan yaradır.
Zəngilanın coğrafi mövqeyi onun iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Rayon Azərbaycan-İran sərhədinə yaxınlığı, Şərqi Zəngəzurun nəqliyyat əlaqələrində tutduğu mövqe və regional dəhlizlərə çıxış imkanları ilə strateji əhəmiyyət daşıyır. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat infrastrukturunun əsas obyektlərindəndir. Bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul etmək imkanına malik hava limanı sərnişin və yük daşımalarının inkişafı baxımından mühüm potensial yaradır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun inşası da regional əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ümumi uzunluğu 126,3 kilometr olan yolun tikintisinin 2026-cı ilin ikinci yarısında tamamlanması planlaşdırılıb. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xətti isə azad edilmiş ərazilərin ölkənin digər bölgələri ilə əlaqələrinin genişləndirilməsinə, sərnişin və yük daşımalarının təşkilinə, sənaye və logistika fəaliyyətinin inkişafına xidmət edəcək. Dəmir yolu infrastrukturunun Araz İqtisadi Zonası Sənaye Parkı ilə əlaqələndirilməsi bölgədə istehsal və ticarət imkanlarının artmasına şərait yaradır. Bu nəqliyyat layihələri Zəngilanın yalnız yerli əhəmiyyətli yaşayış məntəqəsi kimi deyil, həm də regional iqtisadi və logistika mərkəzi kimi inkişafı üçün zəmin formalaşdırır.
Zəngilanın iqtisadi dirçəlişində kənd təsərrüfatının xüsusi yeri var. Rayonun təbii şəraiti, torpaq ehtiyatları və kənd təsərrüfatı ənənələri bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan “Dost Aqropark” bölgədə aqrar istehsalın müasir əsaslarla təşkilinə yönəlib. Layihə çərçivəsində heyvandarlıq kompleksləri, inzibati və sosial obyektlər yaradılıb, cins qaramal gətirilib və bitkiçilik məhsullarının istehsalına başlanılıb. Layihənin tam reallaşdırılması nəticəsində minlərlə hektar ərazidə bitkiçilik və texniki istehsal sahələrinin yaradılması, 10 min baş cins heyvanın yetişdirilməsi, toxumçuluq və şitilçilik fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Ət emalı və qablaşdırma müəssisəsinin, eləcə də 100 min ton tutumlu anbarın yaradılması aqrar məhsulların emalı və saxlanması imkanlarını artıracaq. Belə layihələr rayonun iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və yerli istehsalın genişləndirilməsinə xidmət edir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının “Made in Qarabağ” brendi ilə bazarlara çıxarılması bölgənin iqtisadi tanıtımına töhfə verə bilər.
Zəngilanın bərpası və inkişafı Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. Dövlət başçısı 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağını ucaldıb. Sonrakı səfərləri zamanı Ağalı “Ağıllı kənd” layihəsi, Zəngilan Beynəlxalq Hava Limanı, avtomobil və dəmir yolları, enerji obyektləri, yaşayış kompleksləri və digər infrastruktur layihələrinin gedişi ilə tanış olub, bir sıra obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib. 2026-cı il mayın 10-da isə Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib, yeni mənzillərə köçən ailələrlə görüşüb və “Zangilan City Park Hotel”in təməlini qoyub. Bu səfərlər rayonda quruculuq işlərinin, əhalinin doğma torpaqlara qayıdışının və iqtisadi inkişaf layihələrinin mərhələli şəkildə davam etdirilməsini əks etdirir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü bu mənada yalnız keçmiş qələbənin xatırlanması deyil. Bu tarix həm də quruculuğun, dirçəlişin və gələcəyə inamın rəmzidir. Zəngilanın yenidən canlanması Azərbaycanın azad edilmiş ərazilərində həyatın bərpasını, iqtisadi potensialın hərəkətə gətirilməsini və milli-mənəvi dəyərlərin qorunmasını özündə birləşdirir. Bu gün Zəngilan öz tarixindən güc alaraq müasir inkişaf yolunda irəliləyir. Doğma yurda qayıdan ailələrin sevinci, q urulan yeni evlər, açılan yollar və yaradılan iqtisadi imkanlar bu qədim diyarın gələcəyinin daha firavan olacağına inamı gücləndirir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


Digər xəbərlər
Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı
Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq
Vətənə sədaqətli xidmət nümunəsi
Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Özbəkistan amili
1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü
Xəbər lenti
Ən çox oxunan
OBS-in qlobal miqyaslı təntənəli təqdimatı 103 millətin nümayəndələrini bir araya gətirib