Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Yoxsulluqla Mübarizə Gününün tarixi 1987-ci il oktyabrın 17-si ilə sıx bağlıdır. Həmin gün 100 mindən çox insan 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin imzalandığı Parisdəki Trokadero meydanına toplaşaraq ifrat yoxsulluğun, zorakılığın və aclığın qurbanlarının xatirəsini yad edib.
Toplaşanlar yoxsulluğun insan hüquqlarının pozulması olduğunu bəyan edib və həmin hüquqlara hörmət olunmasına nail olmaq üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayıblar. Həmin gün açılışı olan Xatirə daşının üzərində də bu bəyanatlar həkk olunub.
O vaxtdan bəri müxtəlif təbəqələrdən, fərqli baxışlara və sosial mənşəyə malik insanlar mövqelərinin dəyişməzliyini təsdiqləmək və aztəminatlı insanlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün hər il oktyabrın 17-də bir araya gəlirlər. Dünyanın bir çox ölkəsində də belə xatirə daşları qoyulub və onlar Beynəlxalq Günlə bağlı tədbirlərin keçirildiyi məkanlara çevrilib. Bu daşlardan biri Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Qərargahının bağında yerləşir. BMT Katibliyinin Nyu-Yorkda hər il təşkil etdiyi təntənəli mərasim də məhz həmin daşın önündə keçirilir.
1992-ci ildə BMT Baş Assambleyası A/RES/47/196 saylı qətnaməsi ilə oktyabrın 17-ni Beynəlxalq Yoxsulluqla Mübarizə Günü elan edib. Assambleya bütün dövlətləri ölkələrin xüsusiyyətlərini nəzərə almaqla, yoxsulluğun və səfalətin aradan qaldırılmasına yönəlmiş konkret tədbirlər həyata keçirməyə və bu istiqamətdə maarifləndirmə işləri aparmağa çağırıb. Günün əsas məqsədi bütün ölkələrdə yoxsulluğun aradan qaldırılması uğrunda mübarizənin vacibliyi barədə məlumatlılığı artırmaqdır.
İqtisadiyyatın, texnologiyaların və maliyyə resurslarının bu qədər inkişaf etdiyi dünyada milyonlarla insanın ifrat yoxsulluq şəraitində yaşaması yolverilməzdir. Yoxsulluq təkcə iqtisadi problem deyil, həm də insanların ləyaqətli həyat sürmək və öz hüquqlarından istifadə etmək imkanlarından məhrum olması deməkdir. Buraya təhlükəsiz əmək və yaşayış şəraiti, sağlam və kifayət qədər qida ilə təmin olunmaq, ədalət mühakiməsinə və səhiyyə xidmətlərinə çıxış hüquqları da daxildir.
Yoxsulluq şəraitində yaşayan insanlar cəmiyyətdə mənfi münasibətlərlə də üzləşirlər. Onlar damğalanır, ayrı-seçkiliyə məruz qalır, xarici görünüşünə, danışıq tərzinə, yaşadığı ünvana və ya yaşayış yerinin olmamasına görə mühakimə edilir, onlara hörmətsiz münasibət göstərilir.
BMT-nin məlumatına görə, 670 milyon insan gündəlik 2,15 ABŞ dolları ilə müəyyən edilən yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. 2030-cu ilədək isə dünya əhalisinin 7 faizinin, yəni 575 milyon insanın ifrat yoxsulluq şəraitində qala biləcəyi ehtimal olunur.
2020-ci ildə bütün dünyanı əhatə edən COVID-19 pandemiyası yoxsulluq və ifrat yoxsulluqla mübarizədə onilliklər ərzində əldə edilmiş tərəqqini geriyə atıb. Dünya Bankının məlumatına görə, böhran nəticəsində təxminən 150 milyon insan yoxsulluğa düçar olub. Onların əksəriyyəti yoxsulluq səviyyəsinin onsuz da yüksək olduğu Cənubi Asiyada və Saxaradan cənubda yerləşən Afrika ölkələrində yaşayır.
Yoxsulluğa yeni düçar olan bu insanlar əvvəllər də çoxölçülü və davamlı yoxsulluq şəraitində yaşayan 1,3 milyard insanın sıralarına qoşulublar. Pandemiya həmin insanların mövcud problemlərini daha da dərinləşdirib. Əslində, pandemiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlər bir çox hallarda onların vəziyyətini daha da ağırlaşdırıb. Yoxsulluq şəraitində yaşayan insanların dolanışığını təmin edən qeyri-formal iqtisadi fəaliyyət bir sıra ölkələrdə, demək olar ki, dayanıb.
BMT hesab edir ki, yoxsulluqla davamlı mübarizə insanların potensialının gücləndirilməsini tələb edir. Bu baxımdan, təhsil, elm və yaradıcı iqtisadiyyatın dəstəklənməsi mühüm əhəmiyyət daşıyır. Çünki bu sahələr məşğulluğun əsas mənbələri olmaqla yanaşı, insanlarda qürur və ləyaqət hissinin formalaşmasına da töhfə verir.
Baş Assambleya qətnaməsində hökumətlərarası və qeyri-hökumət təşkilatlarını dövlətlərin müraciəti əsasında Beynəlxalq Günlə bağlı milli tədbirlərin təşkilinə kömək göstərməyə çağırıb. Eyni zamanda, BMT-nin Baş katibindən Günün təşkilat tərəfindən uğurla keçirilməsini təmin etmək üçün mövcud resurslar çərçivəsində zəruri tədbirlər görmək xahiş olunub.
Oktyabrın 17-si yoxsulluq şəraitində yaşayan insanların üzləşdiyi çətinliklərə və məhrumiyyətlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onların problemlərini açıq şəkildə ifadə etmələrinə şərait yaratmaq və yoxsulluğun aradan qaldırılması prosesində əsas rolun məhz həmin insanlara məxsus olduğunu qəbul etmək üçün mühüm gündür.
Bu Günün qeyd olunmasının ilk illərindən etibarən onun əsas istiqamətlərindən biri yoxsul təbəqələrin nümayəndələrinin tədbirlərdə iştirakının təmin edilməsidir. Oktyabrın 17-də keçirilən tədbirlər yoxsulluq şəraitində yaşayan insanların öz təcrübə və biliklərindən istifadə edərək yoxsulluğun aradan qaldırılmasına töhfə vermək istəyini də ifadə edir.


Digər xəbərlər
Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb
Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb
“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər