8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı
 

13:29 / 07.11.2026 Oxunub: 372

 

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, birlik və fədakarlıq salnaməsi kimi yaşayır. Bu Zəfərin əldə olunmasında iştirak edən hər bir hərbçinin döyüş yolu, xatirələri və yaşantıları gələcək nəsillər üçün mühüm örnəkdir.

Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsində Xalq çalğı alətləri ixtisası üzrə qarmon alətində təhsil alan Vətən müharibəsi iştirakçısı Bilal Qədirli AZƏRTAC-a açıqlamasında bildirib ki, 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmətə başlayıb. Hərbi xidmət müddətində bilik və bacarıqlarını təkmilləşdirərək üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çalışıb. Bilal Qədirli xatırladıb ki, 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə düşmənin atəşkəsi pozaraq növbəti təxribata əl atdığı məlum olub. Azərbaycan Ordusunun döyüş hazırlığı və ayıq-sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb, bundan sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi başlayıb. O bildirib: “Həmin günlər hər birimiz üçün həyatımızın ən məsuliyyətli və unudulmaz anları idi. Qarşımızda müqəddəs məqsəd dayanırdı: düşmənin işğalı altında olan torpaqlarımızı azad etmək, xalqımızın 30 illik həsrətinə son qoymaq və üçrəngli bayrağımızı doğma yurd yerlərimizdə dalğalandırmaq. Biz bu yolda bütün gücümüzü və iradəmizi səfərbər etmişdik”.

Müsahibimiz vurğulayıb ki, Zəfərə aparan yol heç də asan olmayıb. Vətənin hər qarışı uğrunda ağır və gərgin döyüşlər aparılıb. Döyüş meydanında qarşılaşdıqları yorğunluq, soyuq, fiziki və mənəvi çətinliklərə baxmayaraq, Vətən sevgisi, torpaqları azad görmək arzusu və qələbəyə inam onları mübarizəyə ruhlandırıb. “Döyüş meydanında hər bir əsgər və zabit bir yumruq kimi birləşmişdi. Orada şəxsi maraqlar deyil, yalnız bir amal və məqsəd – Vətən torpağının azadlığı var idi. Hər bir döyüşçü bu müqəddəs məqsədə çatmaq üçün öz canını, sağlamlığını və həyatını təhlükəyə atırdı. Hər azad edilən kənd, hər yüksəklik, torpağımızın hər qarışı bizə yeni güc və qələbəyə daha böyük inam verirdi”, – deyə o bildirib.

Bilal Qədirli qeyd edib ki, döyüşçülər hər zaman xalqın dəstəyini və dualarını hiss ediblər. Arxalarında bütöv bir xalqın dayandığını bilmək onlara əlavə güc verib. Nəhayət, Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində tarixi Zəfər əldə olunub. Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən ən mühüm hadisələrdən biri olub. Bu Qələbə xalqımıza böyük sevinc, qürur və fəxr hissi yaşadıb, 30 illik torpaq həsrətinə son qoyub. Vətən müharibəsi iştirakçısı hesab edir ki, bu gün əsas vəzifələrdən biri Zəfərin hansı çətinliklər, fədakarlıqlar və qəhrəmanlıqlar hesabına əldə edildiyini gələcək nəsillərə çatdırmaqdır. Gənclər Vətən torpaqlarının azadlığı uğrunda igid oğullarımızın canlarından keçdiyini, sağlamlıqlarını itirdiyini və böyük fədakarlıqlar göstərdiyini bilməlidirlər.

“8 Noyabr hər bir döyüşçünün yaddaşında silinməz izlər buraxan, ömrümüzün sonuna qədər qürurla xatırlayacağımız bir tarixdir. Bu gün yalnız hərbi qələbənin deyil, milli birliyimizin, xalqımızın sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsidir. 8 Noyabr əbədi qürur və şərəf günümüzdür”, – deyə Bilal Qədirli vurğulayıb. Qeyd edib ki, hərbi xidmətdən və Vətən müharibəsindən sonra təhsilini davam etdirmək, milli musiqi sənətimizi dərindən öyrənmək və gələcəkdə bu sahəyə töhfə vermək onun üçün xüsusi əhəmiyyət daşıyır.



Digər xəbərlər

Xəbər lenti

11 Noyabr 2026
10 Noyabr 2026
09 Noyabr 2026
07 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ