BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb
Bakı Olimpiya Stadionu (BOS) su təchizatı sistemindən götürülmüş nümunələrin ayrı-ayrı laboratoriyalarda aparılan analizlərinin nəticələrini açıqlayıb.
AZƏRTAC-ın xəbərinə görə, BOS-un bununla bağlı yaydığı açıqlamada xatırladılıb ki, UEFA Çempionlar Liqası turnirinin Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş “Sabah” – “Borussiya Dortmund” (Almaniya) oyunundan sonra qonaq komandanın rəsmilərindən biri mətbuata verdiyi açıqlamada stadionun paltardəyişmə otaqlarında yerləşən duş kabinlərindən istifadə etmədiklərini, BOS-un su təchizatı sistemində “legionella” bakteriyasının ola biləcəyi ehtimalını səsləndirmişdi.
“Hər hansı mənbəyə və ya laborator analizin nəticələrinə istinad olunmadan belə əsassız fikirlərin bildirilməsi təəccüb və təəssüf hissi keçirməyimizə səbəb olmuş, öz növbəmizdə mətbuata açıqlama verərək səslənən iddiaların həqiqəti əks etdirmədiyini, BOS-un su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini, bu məsələ ilə bağlı arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdıq. Eyni zamanda, cari mövsümdə UEFA Çempionlar Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda məşqlər və oyunlar keçirmiş “Sabah” və “Slaviya Praqa” (Çexiya) komandaları tərəfindən bu məsələ ilə əlaqədar hər hansı iradla qarşılaşmadığımızı bildirmişdik.
Bakı Olimpiya Stadionunun su təchizatı sisteminin standartlara cavab verdiyini təsdiqləyən və hazırda qüvvədə olan laborator analiz nəticələrinə malik olmağımıza baxmayaraq, bu məsələdə ictimaiyyətin əminliyini bir qədər də möhkəmləndirmək məqsədilə BOS-dan yenidən götürülmüş su nümunələrinin ayrı-ayrı laboratoriyalarda analizi aparılıb və nəticələr daha əvvəl səsləndirdiyimiz fikirləri növbəti dəfə təsdiqləyib”, - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, “MediClub” Tibb Klinikası və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”nin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış analizin nəticələri Bakı Olimpiya Stadionunun su təchizatı sistemində hər hansı problemin olmadığının növbəti sübutudur.
“Borussiya Dortmund” klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, “Barselona” isə mövzu ilə bağlı narahat olmaya bilər”, - deyə BOS-un açıqlamasında qeyd edilib.


Digər xəbərlər
Samir Vəliyev: “AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır
Azərbaycan neftinin qiyməti 107 dollara çatır
OBS Global-ın BƏƏ-də keçirilən İkinci Günü
OBS-in qlobal miqyaslı təntənəli təqdimatı 103 millətin nümayəndələrini bir araya gətirib
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir