Körfəzdə sabitliyin yenidən pozulması neft və qazın qiymətlərinə təsirsiz ötüşmür
 

11:17 / 09.07.2026 Oxunub: 465

 

Dünya bazarında xam neft və təbii qazın qiymətləri tədricən ucuzlaşmağa başlamışdı ki, Körfəzdə hərbi əməliyyatların yenidən qızışması bu prosesi dayandırdı. Neftdən fərqli olaraq təbii qazın qiyməti sürətlə aşağı düşmədi.

AZƏRTAC xəbər verir ki, hazırda Niderlandın TTF habında 1 giqavat-saat (QVt) qazın qiyməti 44 avroya (1000 kubmetri 535,5 dollara) satılır. Qış mövsümündən fərqli olaraq qiymət cəmi 10 faiz aşağı düşüb.

ABŞ-nin Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən enerji siyasətinin araşdırma mərkəzinin hesabatında bildirilir ki, Avropa ölkələrindəki qaz anbarları hələ də dolu deyil. Yayın həddən artıq isti keçməsi elektrik enerjisinə tələbatı artırıb. Bu səbəbdən də elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın həcmi artıb ki, bu da qiymətlərin aşağı düşməsinə imkan vermir. Digər tərəfdən Hörmüz boğazından keçid açılsa da Qətər əvvəlki kimi sutkada 3 deyil cəmi 1 tanker mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edə bilir. Müharibə zamanı Qətərin LNG istehsal edən qaz infrastrukturuna ciddi ziyan dəyib. Hazırda bərpa işləri davam edir ki, bu da anbarların doldurulmasını ləngidir.

Mərkəzin təhlilinə görə, bu gün Fransa qaz anbarlarını 50, Almaniya 42,3, Niderland 26,7, Belçika isə 23,7 faizini doldura bilib. Əgər oktyabr ayına kimi anbarlar doldurulmasa qarşıdakı qış mövsümündə böhran yaşanacaq ki, bu da qiymətlərin artması ilə müşahidə oluna bilər.

İyulun 8-də İran ilə ABŞ arasında hərbi əməliyyatların yenidən başlaması vəziyyəti daha da gərginləşdirdi. Belə ki, Hörmüz boğazından gəmilərin keçidi yenidən bağlanıb ki, bu da bazarın tədarükündə problem yaradıb. Bu vəziyyət qiymət artımını qaçılmaz edir.

Qətərin Baş naziri Muhəmməd bin Əbdülrrəhman Əl Tani “Financial Times” müsahibəsində bildirib ki, Qətər 3 həftə ərzində infrastrukturu bərpa edib LNG istehsalını artıra bilər. Lakin Körfəzdəki gərgin vəziyyət tədarükü çətinləşdirir. Onun fikrincə, əsas problem Körfəzdəki sabitliyin pozulmasıdır.



Digər xəbərlər

Xəbər lenti

14 Iyul 2026
13 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ