Şəkidə Rasim Ocaqovun xatirəsi anılıb
Görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 93-cü ildönümü tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1933-cü ildə Şəkidə dünyaya göz açan Rasim Ocaqov əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb. O, operator kimi ilk dəfə “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Daha sonra ekranlaşdırdığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmləri ilə Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
İstedadlı kinooperator kimi şöhrət qazanmış sənətkar ötən əsrin 70-ci illərindən etibarən rejissorluq fəaliyyətinə başlayıb. Onun quruluş verdiyi “İstintaq”, “Ad günü”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla” kimi ekran əsərləri milli kinomuzun qızıl fonduna daxil olub.
Rejissorun müstəqillik illərində lentə aldığı “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri də yüksək bədii dəyəri ilə seçilən sənət nümunələridir. Böyük operatorluq və rejissorluq məharəti Rasim Ocaqova ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun ekran əsərləri nüfuzlu kinofestivallarda mədəniyyətimizi layiqincə təmsil edərək müxtəlif mükafatlara layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanıb.
Görkəmli sənətkarın anadan olmasının 93-cü ildönümü doğulub boya-başa çatdığı Şəki şəhərində də ehtiramla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ziyalılar və ictimaiyyət nümayəndələri şəhərin Sülh meydanında Rasim Ocaqovun barelyefi önünə gül dəstələri düzərək xatirəsini anıblar.
Yubiley münasibətilə Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sənətə həsr olunmuş ömür” adlı sərgi təşkil olunub, kinorejissorun filmlərindən fraqmentlər nümayiş etdirilib.


Digər xəbərlər
Şeyxülislam Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb
Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı və eyniadlı sərgi keçirilib
Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib
Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub