Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

20:01 / 22.10.2026 Oxunub: 193

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi və Azərbaycanın Milli Qəhrəmanları Milli Qəhrəman Ehtiram İsrayıl oğlu Əliyevin səhhətinin ağır olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə bildirilir ki, ailəsinin verdiyi məlumata görə, Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib. Səhhətinin daha da pisləşməsi səbəbindən o, reanimasiya şöbəsinə köçürülüb. Milli Qəhrəmanın həyatı ilə bağlı yaranmış ciddi narahatlıq ailə üzvlərini, döyüş yoldaşlarını və digər Milli Qəhrəmanları təşviş içində saxlayır.

Müraciətdə Ehtiram Əliyevin Vətənin müdafiəsi zamanı göstərdiyi igidlik və fədakarlıq xüsusi vurğulanıb. Qeyd olunub ki, o, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını təhlükəyə ataraq Vətənə və hərbi anda sədaqətini döyüş meydanında sübuta yetirib. Onun şərəfli döyüş yolu Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bir hissəsi olmaqla yanaşı, gənc nəsil üçün cəsarət və vətənpərvərlik nümunəsidir.

Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilərək, Prezident İlham Əliyevin Vətən qarşısında xidmətləri olan şəxslərin sağlamlığına və sosial müdafiəsinə həssas münasibətinə ümid ifadə olunub.

Müraciət müəllifləri Prezident İlham Əliyevdən Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsini şəxsi nəzarətinə götürməsini və onun həyatının xilas edilməsi üçün bütün zəruri tibbi imkanların təxirəsalınmadan səfərbər olunması barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verməsini xahiş ediblər.

Həmçinin xəstənin vəziyyətinin ixtisaslı mütəxəssislər tərəfindən təcili qiymətləndirilməsi, həkimlərin rəyinə uyğun müayinə və müalicə tədbirlərinin tam həcmdə həyata keçirilməsi, ehtiyac yaranacağı təqdirdə əlavə mütəxəssislərin cəlb olunması və zəruri tibbi vasitələrlə təmin edilməsi üçün köməklik göstərilməsi istənilib.

Müraciətdə Ehtiram Əliyevin ailəsinin də diqqət və qayğı ilə əhatə olunmasının, müalicə ilə bağlı zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsinin vacibliyi qeyd edilib.

Sonda vurğulanıb ki, vaxtilə Vətənin müdafiəsi üçün canını əsirgəməmiş Milli Qəhrəmanın bu gün həyat uğrunda mübarizə aparması hər kəsi narahat edir. Müraciət müəllifləri Ehtiram Əliyevin bu ağır sınaqdan çıxaraq ailəsinə və doğmalarına qovuşacağına ümid etdiklərini bildiriblər.

Müraciət Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının adından ünvanlanıb.



Digər xəbərlər

Xəbər lenti

22 Oktyabr 2026
20 Oktyabr 2026
18 Oktyabr 2026
17 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ