AQTA: Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməlidir

Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq, onların məhsuldarlığını aşağı salan zərərvericidir. Onun ölçüsü 12-17 millimetr, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Zərərvericinin yetkin fərdləri uçaraq 35 kilometrdən 100 kilometrədək məsafə qət edə bilir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a göndərilən məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı feromon tələlər asılır.
Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanılaraq məhv edilir.
Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və axşam saatlarında yerinə yetirilməlidir.
Xatırladaq ki, vətəndaşlar zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat almaq üçün agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88 ) zəng edə bilərlər.



Digər xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Qela Vasadze: Rusiya Azərbaycanın müstəqil dövlət kimi güclənməsini istəmir

Bakıda Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri ilə bağlı məhkəmə iclası keçirilir

Milli Məclis: Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır

NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür
Xəbər lenti
Ən çox oxunan
