Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub

13:18 / 19.02.2026 Oxunub: 497

Kanal 20 TV xəbər verir ki, fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa tamaşaçılara təqdim edilib.

Bu səhnə işi Füzuli Dövlət Dram Teatrının repertuarına daxildir və ötən ilin noyabrında premyerası keçirilmişdi. Bakı nümayişi isə tamaşanın paytaxtda ilk təqdimatı olub.

Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti isə Gülgəz Soltanovadır.

“Ruh” tamaşası insanın özünü tanıması, daxili aləmin dərinliklərinə enməsi və ruhla qarşılaşması mövzusunu əks etdirir. Əsərdə qəhrəmanla Ruh arasında aparılan dialoqlar, mistik motivlər və rəmzi səhnələr insanın varlıqla bağlı suallarına poetik yanaşma yaradır. Zaman və məkan anlayışı isə tamaşada sabit deyil – hadisələr keçmişlə gələcək arasında dəyişir.

Personajlar real kimlikdən daha çox rəmzi məna daşıyaraq qəhrəmanın daxili qorxularını, ümidlərini və mənəvi parçalanmasını təcəssüm etdirir. Ruh obrazı isə həm metafizik anlayış, həm də həqiqətə aparan mənəvi işıq kimi təqdim olunur.

Tamaşada rolları aktyorlar Anar Buludov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elçin Məmmədov, Əli Hüseynov və Səbuhi Əhmədov canlandırıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək bu tamaşanın Milli Teatr səhnəsində nümayişini əlamətdar mədəni hadisə kimi qiymətləndirib və yaradıcı heyəti təbrik edib.

Xalq yazıçısı Kamal Abdulla isə əsərinə müraciət etdiyinə görə Füzuli Dövlət Dram Teatrının kollektivinə və göstərilən şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə