BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır

BMT-nin insan haqları üzrə Ali komissarı Volker Türk altı Avropa ölkəsinin ya piyada əleyhinə minaları qadağan edən beynəlxalq müqavilədən çıxma prosesində olması və ya bu variantı nəzərdən keçirməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və Ukrayna piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiyadan çıxmaq üçün addımlar atıb və ya bu məsələni nəzərdən keçirir.
Volker Türk bildirib: “Bu silahlar mülki şəxslərə, o cümlədən uşaqlara davamlı və uzunmüddətli, ciddi zərər vurma riski daşıyır. Digər beynəlxalq humanitar hüquq müqavilələri kimi, Ottava Konvensiyası da silahlı münaqişə tərəflərinin davranışlarını tənzimləmək üçün nəzərdə tutulub. Altı ölkənin təhlükəsizlik mülahizələrini əsas göstərərək atdığı bu addım beynəlxalq humanitar hüququn çərçivəsini ciddi şəkildə pozur”.
Piyada əleyhinə minalar iki əsas mina növündən biridir və insanları hədəf alır. Bununla belə, onlar avtomatik işə salındığı üçün çoxlu sayda mülki əhalinin, xüsusən də uşaqların ölümü ilə nəticələnir. Bu minaların ölümcül riskləri döyüş əməliyyatları bitdikdən sonra uzun müddət davam edir, əkin sahələrini, oyun meydançalarını, evləri çirkləndirir və şübhəsiz ki, mülki şəxslər üçün daimi təhlükə yaradır.
1997-ci ildə razılaşdırılmış Ottava Konvensiyası, bu silahların mülki şəxslərə, xüsusən də uşaqlara yaratdığı təhlükə səbəbindən onu imzalayan dövlətlərə piyada əleyhinə minalardan istifadə etməyi, onların ehtiyatını saxlamağı, istehsal etməyi və ya köçürməyi qadağan edir.
Ottava Konvensiyasının qəbul edilməsindən sonra iki onillikdə 166 iştirakçı dövlət ona qoşulub və bu, piyada əleyhinə minalardan istifadənin nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb.
Bununla belə, son illərdə bu müsbət tendensiyalar 2024-cü ildə mina nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayının 22 faiz artması ilə geri dönməyə başlayıb. Həlak olanların 85 faizi mülki şəxslər, yarısı isə uşaqlar olub. Tərəqqiyə baxmayaraq, 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır. Məsələn, Ukraynada BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) ölkə ərazisinin 20 faizindən çoxunun çirklənmiş olduğunu təxmin edir. Bu, 139 min kvadrat kilometrlik ərazidir. Eynilə, Kambocada münaqişənin bitməsindən və minatəmizləmə işlərindən onilliklər keçsə də, minalar hələ də əhəmiyyətli təhlükə olaraq qalır.
BMT Ottava Konvensiyasının bütün tərəflərini piyada əleyhinə minalarla bağlı beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə çağırıb.
Ölkəmiz də erməni işğalçılarının basdırdığı minalardan əziyyət çəkir. Postmüharibə dövründə xeyli sayda dinc sakin bu minaların qurbanı olub.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) son məlumatına görə, cari ilin iyun ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 333 piyada əleyhinə mina, 107 tank əleyhinə mina, 2807 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 6 618,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



Digər xəbərlər

Çikaqoda atışma nəticəsində azı 3 nəfər ölüb

Hesabat: Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Prezident İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Media: ABŞ Ukraynaya bütün növ silah tədarükünü dayandırıb

Almaniyada meşə yanğınları ilə əlaqədar bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib
