Fransa Burkina Fasoya cavab tədbirləri hazırlayır
 

01:43 / 28.06.2026 Oxunub: 517

 

Burkina Faso hökumətinin Fransa ilə diplomatik münasibətləri kəsdiyini elan etməsindən sonra Fransa hakimiyyəti mümkün cavab tədbirlərini nəzərdən keçirir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Fransa Burkina Fasonun diplomatik münasibətləri kəsmək barədə birtərəfli qərarından təəssüflənir. Bu addım Burkinabe hakimiyyətinin normal fəaliyyət kursundan kənara çıxdığını göstərir. Hazırda lazımi cavab tədbirləri nəzərdən keçirilir", - deyə nazirliyin məlumatında bildirilib.

Fransa XİN, həmçinin Burkina Fasoda dövlət qulluqçularının və fransız icmasının təhlükəsizliyinin xüsusi diqqət mərkəzində olduğuna dair təminat verib və onları çox ayıq-sayıq olmağa çağırıb.

Xatraldaq ki, Burkina-Faso hökuməti iyunun 26-dan etibarən Fransa ilə diplomatik münasibətlərin kəsilməsi barədə qərar qəbul edib.

Hökumətin yaydığı kommünikedə bu qərarın iki ölkə arasında münasibətlərin vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunduğu bildirilib. Sənəddə qeyd edilib ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil.



Digər xəbərlər

Xəbər lenti

10 Iyul 2026
09 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ