“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir
“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi (AMİL) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir. Layihə 01 iyun – 30 avqust 2026-cı il tarixlərini əhatə etməklə, Bakı şəhərində üç ay müddətində həyata keçirilir. Layihənin əsas məqsədi müxtəlif yaş qruplarından olan uşaqların psixoloji rifahını gücləndirmək, onların emosional sabitliyini artırmaq, özünəinam hissini formalaşdırmaq, sağlam ünsiyyət bacarıqlarını inkişaf etdirmək və sosial mühitə uğurla uyğunlaşmalarına dəstək göstərməkdir. Layihə çərçivəsində uşaqların psixoloji sağlamlığının qorunması, onların müsbət şəxsiyyət kimi formalaşmasına töhfə verilməsi və gələcək həyatlarında qarşılaşacaqları çətinliklərlə daha sağlam şəkildə mübarizə aparmaları üçün zəruri bilik və bacarıqların aşılanması əsas prioritetlərdəndir.
Layihə rəhbəri Leyla Rəcəbzadə bildirib ki, müasir dövrdə uşaqlar ailə, məktəb və sosial mühitdə müxtəlif psixoloji gərginliklər, emosional çətinliklər və ünsiyyət problemləri ilə qarşılaşırlar. Bu səbəbdən onların emosional sağlamlığının qorunması və psixoloji dayanıqlılığının artırılması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Layihə çərçivəsində keçirilən maarifləndirici və interaktiv təlimlər uşaqların öz hisslərini tanımasına, onları düzgün ifadə etməsinə, münaqişələri sülh yolu ilə həll etməsinə, stress və narahatlıq halları ilə sağlam mübarizə aparmasına, eləcə də sağlam ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Təlim proqramları peşəkar mütəxəssislərin iştirakı ilə interaktiv metodlardan istifadə edilməklə təşkil olunur. Sessiyalar zamanı oyun terapiyası, yaradıcı fəaliyyətlər, hisslərin rənglər və rəsm vasitəsilə ifadəsi, komanda oyunları, rollu məşğələlər, emosional intellektin inkişafı, empatiya, dostluq münasibətlərinin qurulması, özünüidarəetmə, liderlik bacarıqları, məqsəd qoyma, qərarvermə və stressin idarə olunması kimi aktual mövzular əhatə edilir. Təlimlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış proqram əsasında keçirilir və onların fəal iştirakını təmin edir. Leyla Rəcəbzadə qeyd edib ki, layihənin icrası nəticəsində uşaqlar öz hisslərini daha yaxşı tanımaq və ifadə etmək bacarığı əldə edəcək, özünəinam səviyyələri yüksələcək, sosial və kommunikasiya bacarıqları inkişaf edəcək. Onlarda stress, qorxu və aqressiv davranışların azalması, münaqişələrin sülh yolu ilə həlli, komanda şəklində işləmək, qarşılıqlı hörmət və əməkdaşlıq vərdişlərinin formalaşması gözlənilir. “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi gələcəkdə də uşaqların sağlam inkişafına, psixoloji rifahının möhkəmləndirilməsinə, ailələrin maarifləndirilməsinə və cəmiyyətin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsini davam etdirməyi qarşıya mühüm məqsəd kimi qoyur.










Digər xəbərlər
“Təbəssüm Olaq” layihəsinin VI mövsümü uğurla başa çatıb
Rəşadət və demokratiyanın müdafiəsi epopeyası: Türkiyədə 2016-cı il iyulun 15-də həlak olan qəhrəmanların xatirəsi anılır
Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Geofit bitkilərin populyasiyası sürətlə azalır
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər