Fransanın dövlət sektorunda ciddi ixtisarlar gözlənilir
 

15:30 / 18.07.2025 Oxunub: 140

 

Fransa hökuməti 2026-cı il üçün büdcə planında qənaət siyasətini daha da sərtləşdirməyi nəzərdə tutur. Baş nazir Fransua Bayrunun təqdim etdiyi planın əsas hədəflərindən biri – dövlət sektorunun xərclərini və işçi sayını azaltmaqdır. Bu tədbirlər çərçivəsində gələn il 4000-dək dövlət qulluqçusunun işdən çıxarılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Bayru hökumətinin məqsədi təkcə xərcləri azaltmaq deyil, həm də dövlətin yaşayış səviyyəsini aşağı salmaqdır.

Onun sözlərinə görə, dövlət özü nümunə göstərməli, xərclərini sabitləşdirməli və hətta azaltmalıdır. Bu istiqamətdə ilk addım dövlət sektorunda maaş fondunun azaldılması olacaq. 2026-cı ildən başlayaraq 3000 vəzifənin ixtisarı nəzərdə tutulur. Nazirliklərin ixtisar riski ilə üz-üzə olduğu bildirilir.

Bayru dövlətin fəaliyyətini parçalayaraq xərcləri artıran səmərəsiz agentliklərin bağlanacağını da bildirib. Rəsmi rəqəmlər olmasa da, 2026-cı ildə 1000-1500 əlavə vəzifənin ləğvi gözlənilir. Bu isə təkcə mərkəzi hökuməti deyil, həm də dövlətə bağlı qurumları əhatə edəcək. Daha da narahatedici məqam bu tədbirlərin birdəfəlik olmamasıdır. Hökumət bu qənaət kursunu 2027-ci ildən sonra da davam etdirmək niyyətindədir.

Bayru yerli bələdiyyələrə də çağırış edərək onların da 5,3 milyard avroya qənaət etmələrini tələb edib. Bu isə daha çox vəzifələrin azaldılması deməkdir. UNSA həmkarlar ittifaqının baş katibi Lük Farre bu tədbirləri neoliberal siyasətin sərt təzahürü adlandıraraq xəbərdarlıq edib: “2026-cı il dövlət sektorunda növbəti itki ili olacaq”.

Yeni büdcə planı qəbul olunarsa, dövlət qulluqçuları üçün maaş artımı olmayan üçüncü il olacaq. Üstəlik, iki rəsmi bayram gününün ləğvi planlaşdırılır, amma bu günlər üçün əlavə maaş ödənilməyəcək. Dövlət qulluqçuları artıq bir neçə ildir ki, inflyasiyaya qarşı real gəlir itkisi yaşayırlar.



Digər xəbərlər

Xəbər lenti

21 Iyul 2025
19 Iyul 2025
18 Iyul 2025
17 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ