İncəsənət məktəblərində müəllimlərin attestasiyası davam edir – 8 min təhsilverən qiymətləndiriləcək

17:04 / 23.02.2026 Oxunub: 930

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin peşə bacarıqlarının qiymətləndirilməsi prosesi davam edir.

Kanal 20 xəbər verir ki, fevralın 10-dan start götürən attestasiyanın növbəti mərhələsi çərçivəsində fevralın 23-də Bakı Xoreoqrafiya Akademiyasında monitorinq aparılıb. Prosesi izləyənlər arasında Milli Məclisin deputatları Tamam Cəfərova, Mehriban Vəliyeva, Aydın Mirzəzadə, Müşviq Cəfərov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev və digər incəsənət və ictimaiyyət nümayəndələri yer alıblar.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov attestasiyanın əsas məqsədi, təşkili qaydası və mərhələləri barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, prosesin başlıca hədəfi təhsilverənlərin peşə səriştəsinin artırılması və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsidir.

Məlumata görə, attestasiya prosesinə 2025-ci ildə start verilib və ilkin mərhələ 5 regionu əhatə edib. Cari ildə isə digər bölgələr və Naxçıvan Muxtar Respublikası daxil olmaqla ümumilikdə 8 min müəllimin attestasiyadan keçməsi planlaşdırılır.

Rəsmi şəxslər bildiriblər ki, attestasiyanın qanunvericiliyin tələblərinə uyğun, şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri şərait yaradılıb və prosesə ciddi nəzarət olunur.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə