Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər
Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) ticarət müdafiəsi mexanizmlərinin iki yeni hüquqi alətlə tamamlanmasını təklif ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə iki liderin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə ünvanladıqları məktubda bildirilib.
Makron və Merts təchizat zəncirlərində asılılıqların azaldılması məqsədilə diversifikasiya alətinin, eləcə də konkret ölkəyə qarşı əvvəlcədən yönəlməyən mexanizmin yaradılmasını istəyiblər.
Onların fikrincə, ikinci mexanizm üçüncü ölkələrin siyasi və ya iqtisadi vasitələrlə Aİ bazarında ədalətli rəqabət şərtlərini ciddi şəkildə pozduğu hallarda tətbiq oluna bilər.
Məktubda Aİ-nin mövcud ticarət müdafiəsi vasitələrinin artıq kifayət etmədiyi vurğulanır. Liderlər yeni mexanizmlərin daha çevik və bürokratik yükü az olan formada yaradılmasını təklif edirlər.
Makron və Merts, həmçinin Avropa ixracatçılarının üzləşdiyi gömrükdənkənar maneələrin aradan qaldırılmasını, Aİ standartlarına uyğun olmayan məhsulların bazara daxil olmasına qarşı nəzarətin gücləndirilməsini və Avropa sənayesinin rəqabət qabiliyyətinin artırılmasını vacib hesab edirlər.


Digər xəbərlər
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub
Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək
Böyük Britaniya NATO-nun müdafiə bankına qoşulmağı nəzərdən keçirir
“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb