Nazir: "Suriyaya qaz ixracı Azərbaycanın Şərq və Cənubda da rəqabətqabiliyyətli enerji təchizatçısı rolunu təsdiqləyir"

Azərbaycan qazının Suriyaya, ümumilikdə isə Yaxın Şərqə ixracı bir sıra mühüm məqamları ilə diqqət çəkir.
"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, ilk növbədə bu, Azərbaycanın artıq 14 ölkəyə təbii qaz təchiz etməsi fonunda baş verir: "Bu fakt ölkəmizi təkcə regionda deyil, qlobal səviyyədə də mühüm qaz təchizatçısına və enerji təhlükəsizliyinə töhfə verən dövlətlərdən birinə çevirib".
M. Cabbarov vurğulayıb ki, bugünkü hadisə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və geoiqtisadi siyasətin məntiqi nəticəsidir.
Nazir əlavə edib ki, prosesin ikinci mühüm aspekti Suriya üçün hazırkı həssas dövrə təsadüf etməsidir: “Suriya hazırda tarixinin dönüş nöqtələrindən birini yaşayır. Ölkədə normal həyatın bərpası, enerji təchizatının dayanıqlı şəkildə təmin olunması milyonlarla insanın rifahına birbaşa təsir göstərir. Azərbaycandan ixrac edilən təbii qaz ilk növbədə elektrik enerjisinin istehsalı və əhalinin enerji təchizatı üçün istifadə olunacaq”.
Üçüncü məqam isə Azərbaycanın xarici siyasətinin uğurları ilə bağlıdır.
“Bu layihənin gerçəkləşməsi Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və çevik xarici siyasətin nəticəsidir. Müddət baxımından olduqca qısa bir zaman çərçivəsində reallaşdırılan bu layihə beynəlxalq əməkdaşlıq və Azərbaycanın artan nüfuzu sayəsində mümkün olub. Burada, təbii ki, SOCAR-ın rolu da qeyd olunmalıdır - şirkət çətin logistik və kommersiya şərtləri çərçivəsində qaz həcmlərinin müəyyənləşdirilməsini, təchizatın təşkili və razılaşdırılmasını təmin edib. Amma bütün bunların təməlində ölkəmizin beynəlxalq aləmdə qazandığı etimad dayanır”, - deyə M. Cabbarov vurğulayıb.
Dördüncü və sonuncu məqama toxunan nazir bildirib ki, bu layihə Azərbaycanın qaz ixrac coğrafiyasını genişləndirərək, yalnız Qərb deyil, həm də Şərq və Cənub istiqamətlərində rəqabətqabiliyyətli enerji təchizatçısı rolunu təsdiqləyir.
“Orta və uzunmüddətli dövrdə ümid edirik ki, bu istiqamətdə fəaliyyət daha da genişlənəcək”, - deyə M. Cabbarov əlavə edib.



Digər xəbərlər

Suriyalı nazir: Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"

Azərbaycanın dövlət borcu Ümumi Daxili Məhsulun 19,6 faizini təşkil edib

Xarici şirkətlər Azərbaycanın sənaye zonalarına investisiyaları artırır

Bu həftə Azərbaycan qazı Suriyaya nəql olunacaq

Azərbaycan neftinin bahalaşması davam edir
Xəbər lenti
Ən çox oxunan
