Ukrayna qoşunları Krım körpüsü yaxınlığında bir neçə vacib hədəfə zərbələr endirib
Ukrayna qoşunları Krım körpüsünün yaxınlığında və işğal olunmuş Krım ərazisində bir neçə vacib hədəfə zərbələr endirərək düşmənin logistika və hava hücumundan müdafiə sistemlərinə hücum edib.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” səhifəsinə istinadla xəbər verir.
Ölkə başçısının sözlərinə görə, əməliyyat Rusiyanın Ukrayna əhalisinə qarşı hücumlarına cavab olub. Əməliyyatda Ukrayna Təhlükəsizlik Xidmətinin, Pilotsuz Sistemlər Qüvvələrinin, Baş Kəşfiyyat İdarəsinin və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri iştirak edib.
Dövlət başçısı qeyd edib ki, zərbələr cəbhə xəttindən təxminən 300 kilometr aralıda yerləşən hərbi logistika, neft sənayesi və Rusiya hava hücumundan müdafiə obyektlərini hədəf alıb.
“Krım körpüsünün hər iki tərəfindəki obyektlərə zərbə endirilib: Krasnodar diyarında neft daşınması üçün dəniz logistika obyekti və müvəqqəti işğal olunmuş Kerç şəhərindəki neft bazası”, - deyə o, dəqiqləşdirib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, düşmənin hərbi logistika obyektləri, S-400 zenit-raket sistemlərinin bir hissəsi olan dörd radar stansiyası və iki “Pantsir” raket sistemi uğurla vurulub.


Digər xəbərlər
“Axios”: ABŞ İranın aktivlərinin bir hissəsini qaytara bilər
Fransa 2003-cü ilin rekordunu qıra biləcək anomal istilərə hazırlaşır
Media: Rusiya Ukraynaya ballistik raket zərbələrini 12 dəfə artırıb
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb