Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin irsini əks etdirən yeni biblioqrafik göstərici işıq üzü görüb
Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Akademik Bəxtiyar Vahabzadə” adlı biblioqrafik göstərici hazırlanaraq nəşr edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, nəşrdə Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi və 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamları, həmçinin AMEA Rəyasət Heyətinin müvafiq qərarı öz əksini tapıb.
Bununla yanaşı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Xalq şairi Bəxtiyar Vahabzadə: Taleyin və sənətin vəhdəti” adlı məqaləsi də oxuculara təqdim olunur.
Biblioqrafik göstəricidə görkəmli söz ustasının həyat və yaradıcılığı, elmi, ədəbi-bədii və ictimai fəaliyyəti geniş şəkildə əhatə edilib. Nəşrə Bəxtiyar Vahabzadənin müəllifi və tərtibçisi olduğu kitablar, müxtəlif dillərdə işıq üzü görmüş poemaları, şeirləri, hekayələri, tərcümələri, notları, eləcə də dövri mətbuatda və məcmuələrdə dərc olunmuş ədəbi-tənqidi və publisistik məqalələri daxil edilib.
“Elm” nəşriyyatında çap olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri isə baş biblioqraflar Mahnur Həsənova və Rəna Cavadovadır.
Ədəbiyyatşünaslıq sahəsində fəaliyyət göstərən alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulan biblioqrafik göstərici Bəxtiyar Vahabzadə irsinin daha dərindən öyrənilməsi baxımından mühüm mənbə hesab olunur.
Qeyd edək ki, nəşrin elektron versiyası ilə MEK-in saytının elektron kitabxana bölməsində tanış olmaq mümkündür.


Digər xəbərlər
Mahirə Hüseynova: Qərbi Azərbaycan mövzusu universitetlərin seçmə fənn blokuna daxil edilib
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür
Azərbaycan Hava Yollarının heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib
TƏBİB hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyasını həyata keçirir
DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi olub
Xəbər lenti
Ən çox oxunan