Məktəbdə işləyən katibənin çılpaq videosu yayıldı, gözətçi direktora hücum etdi

12:30 / 16.04.2025 Oxunub: 1820

Astara rayonunda 1964-cü il təvəllüdlü Tahir mübahisə zamanı tanışı Gülnaza (adlar şərti verilib - red.) xəsarət yetirib.

Kanal 20 tv Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 1 sentyabr 2024-cü ildə baş verib. Tahir həmin gün saat 9 radələrində Astara şəhərində gözətçi işlədiyi orta məktəblərdən birinin həyətində məktəb direktoru Gülnazdan həyat yoldaşı Səbinəyə aid çılpaq videogörüntüləri verməsini tələb edib.

Mübahisə zamanı Gülnazın ünvanına nalayiq ifadələr işlədib, bıçaqla ona iki zərbə vurub.

İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 25 il orta məktəbdə gözətçi işləyib: "Gülnaz məktəbin direktorudur. Hadisədən təxminən 3-4 ay əvvələ qədər arvadım Səbinə həmin məktəbdə katibə işləyirdi. Direktorun qanunsuz hərəkətlərini gördükdə onun barəsində prokurorluq orqanlarına şikayət etməyə başladı. Bundan sonra Gülnaz arvadıma aid videogörüntüləri yaymağa başladı. Videonu özüm görməsəm də, eşitdiyimə görə, guya həyat yoldaşım çılpaq videolarını bir nəfər oğlana göndərib, o da görüntüləri direktora verib".

Təqsirləndirilən şəxs qeyd edib ki, Gülnaz həmin videoları məktəbdə və təhsil sektorunda müxtəlif şəxslərə göstərib, Səbinənin şərəf və ləyaqətini alçaltmağa çalışıb: "Bundan sonra həyat yoldaşım ərizə yazaraq işdən çıxdı. Səbinə həmin görüntüləri təqdim etməsini Gülnazdan tələb etsə də, direktor videoların onda olmadığını bildirdi. Lakin videoları müxtəlif şəxslərə göstərməyə davam etdi. Arvadımın şikayətlərindən sonra direktor mənə də ilişməyə başladı. Gülnazın hərəkətlərindən bezdiyimə görə onu cəzalandırmaqla qorxutmaq qərarına gəldim. Bu məqsədlə hadisə günü saat 8 radələrində yaşadığım evdən çıxdım və təxminən 20-30 metr məsafədə yerləşən məktəbə getdim. Bir gün əvvəl məktəbdə işlətdiyim mətbəx bıçağını üzərimdə evə aparmışdım. Məqsədim Gülnazdan məktəbə gələndə videogörüntüləri almaq, əgər verməsə, onu qorxutmaq üçün vurmaq idi".

Tahir bildirib ki, saat 9 radələrində Gülnaz avtomobillə məktəbə gəlib: "Mən həyətdə qapının yanında dayanmışdım. Seçki günü olduğu üçün məktəbin inzibati binasında səs verməyə gələnlər, müşahidəçilər vardı. Dayandığım yerlə məktəbin binası arasında təxminən 5 metr məsafə olardı. Gülnaz qapıdan içəri daxil olduqda uca səslə ondan Səbinənin görüntülərini istədim. O, yüksək səslə məni təhqir edib görüntülərin onda olmadığını bildirdi. Mən cibimdən bıçağı çıxararaq Gülnaza bir neçə zərbə vurdum. Amma hansı nahiyəyə və neçə zərbə vurduğumu xatırlamıram. Gülnaz yerə yıxılaraq qışqırmağa başladı. "Sənin başın kəsilməlidir, amma mən bunu eləmirəm" dedim. Sonra kənara çəkildim, nalayiq sözlərlə onu təhqir etdim. Məktəbin binasından işçilər və ətrafdan polis əməkdaşı gəldi. Əlimdəki bıçağı polisin tələbindən sonra yerə atdım. Məqsədim Gülnazı öldürmək yox, qorxutmaq idi. Onu qətlə yetirmək istəyim olsaydı, bunu reallaşdırmaq üçün daha çox bıçaq zərbəsi vura bilərdim, buna imkan da vardı. Bıçağı polisə verdikdən sonra hadisə yerinə əlavə polis əməkdaşları gəlib, məni Astara Rayon Polis Şöbəsinə apardılar".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnazın sözlərinə görə, 5 il Astara şəhərində orta məktəbdə direktor işləyib, hazırda Bakı şəhərində çalışır: "Səbinə direktoru olduğum məktəbdə katibə, əri Tahir isə gözətçi işləyib. Təxminən 2 il əvvəl Səbinə yaxınlaşaraq məktəbdə olan vakant iş yerinə oğlu Samiri texniki işçi kimi qəbul etdirmək istədi. Mən isə həmin yerə Vətən müharibəsi qazisinin həyat yoldaşını götürdüm. Bundan sonra Səbinə mənimlə ədavət aparmağa, barəmdə hüquq-mühafizə orqanlarına böhtan xarakterli məlumatlar verməyə başladı. Səbinənin həyat yoldaşı Tahir də bir neçə dəfə barəmdə əmək müfəttişliyinə şikayətlər etdi".

Gülnaz qeyd edib ki, 2024-cü ilin fevral ayında Səbinənin çılpaq videoları yayılıb: "Videoları məktəbdə müəllim və işçilərdən də görən olmuşdu. Səbinəni çağıraraq ondan video barədə soruşdum. Videonun ona məxsus olmadığını, montaj edildiyini bildirdi. Videogörüntülər məktəbin kollektivi arasında qınağa səbəb olduğundan işçilər iclas keçirdi və Səbinənin işdən çıxarmağı təklif etdilər. Bunu eşidən Səbinə özü ərizə yazaraq işdən çıxdı".

Gülnazın ifadəsinə görə, hadisə günü saat 09:00-da seçkilərdə müşahidəçi kimi iştirak etmək üçün məktəbə gedib: "Həyətə girəndə gözətçi Tahir qaça-qaça üzərimə gəlməyə başladı. Onun bir işçi kimi nəsə deyə biləcəyini düşündüm. Lakin yaxınlaşanda sağ əlində bıçaq tutduğunu gördüm və qışqırmağa başladım. Tahir heç bir söz demədən yaxınlaşaraq mənə bıçaq zərbəsi vurmağa başladı. Qışqıra-qışqıra əlimdə olan çantalarla özümü müdafiə etməyə çalışdım. Lakin Tahir sol döş-qəfəs nahiyəmə bir neçə zərbə vura bildi, yerə yıxıldım. O, bir qədər kənara çəkildi, barmağını silkələyərək "videolara görə cavabını verməliydin" dedi.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Tahir 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.



Digər xəbərlər

Xəbər lenti

25 Aprel 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ