Xankəndi, Xocalı və Ağdərədə ermənilər...

15:30 / 02.06.2025 Oxunub: 93

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

Bu barədə "Report"un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib:

"Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür".

E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır:

"Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab verən tikililər isə saxlanılır".

Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub:

"Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb".

Xüsusi nümayəndə əlavə edib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.



Digər xəbərlər

Xəbər lenti

03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ