İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Birləşmiş Millətlər Təşkilatı (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə bağlı qanunu imzalayıb.
Kanal 20 TV xəbər verir ki, sənəd “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında – BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”nı əhatə edir.
Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar olunması, araşdırılması və təqibi istiqamətində dövlətlər üçün vahid hüquqi çərçivə müəyyənləşdirir. Sənəd kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsini, xüsusilə də elektron sübutların mübadiləsinin sürətləndirilməsini nəzərdə tutur.
Preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiyada dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət əsas prinsip kimi təsbit edilib. Həmçinin cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi əsas tələblər sırasında yer alır.
Sənəd qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında operativ əməkdaşlığı təşviq edir. Eyni zamanda, xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılması məlumatların qanuni əldə olunması və istifadəsi prosesini daha səmərəli etməyə imkan verəcək.
Konvensiya həmçinin institusional potensialın gücləndirilməsi, ixtisasartırma proqramları və beynəlxalq təcrübə mübadiləsini də əhatə edir.
Qeyd edək ki, Azərbaycan bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, hətta potensial olaraq ilk dövlət kimi çıxış edə bilər.


Digər xəbərlər
Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır
Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi