Moskva və Pekin yeni dünya nizamı qurur? – ŞOK İDDİA

Pekində sentyabrın 3-də keçirilən hərbi parad dünya siyasətində yeni müzakirələrin qızışmasına səbəb olub. Parad rəsmi olaraq İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80 illiyi ilə əlaqələndirilsə də, Qərb ölkələrinin liderlərinin iştirak etməməsi bu tədbirə tamamilə başqa siyasi çalar qazandırdı. Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trampı şəxsən dəvət etsə də, Ağ Ev rəhbəri paradda iştirak etmədi və onu “Çinin güc nümayişi” kimi qiymətləndirdi. Yaponiya da tədbirə skeptik yanaşdı, rəsmi açıqlama verməsə də, “Kiodo” agentliyinin yazdığına görə, Tokio bu paradı “qlobal bölünmənin simvolu” adlandırıb.
Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, mənbənin sözlərində haqlılıq payı var. Moskva və Pekin “soyuq müharibə”dən sonra ABŞ-ın simasında formalaşan birqütblü dünyaya son qoymaq istəyirlər:
“Buna görə də Pekin və Moskva Şanxay Əməkdaşlıq Təşkilatı və BRİCS-in sıralarını genişləndirməyə və üzv ölkələr arasında bağlılığı gücləndirməyə çalışırlar. Doğrudur, Moskva və Pekin bu istəklərini asanlıqla həyata keçirə bilmirlər. Çünki bir qisim ölkə Rusiya və Çinin formalaşdırdığı təşkilatlarda yer alsalar da, onlar Qərb ölkələri ilə əməkdaşlıqdan imtina etmək istəmirlər. Məsələn, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyünə marağı olsa da, bu, sırf iqtisadi və ticarət maraqları ilə əlaqəlidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsinə çalışır. Azərbaycanın Rusiya və Çinin anti-Qərb blokunda yer almaq istəyi yoxdur. Mərkəzi Asiya ölkələri də Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri olsalar da, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsində maraqlıdırlar. Mərkəzi Asiya ölkələrinin Moskvanın və ya Pekinin diktəsini qəbul etmək fikirləri yoxdur. Hər halda Moskva və Pekin tərəfdaşlarının saylarını artırmaq planlarından imtina etmirlər”.
E.Şahinoğlu vurğulayıb ki, Moskva və Pekin ABŞ prezidenti Donald Trampın “rüsumartırma” siyasətindən də məharətlə istifadə etməyə çalışırlar:
“Trampın rüsum siyasətindən narazı qalan bir sıra ölkə ABŞ-dan uzaq Çinlə tərəfdaşlığa üstünlük verməyə başlayıb. Buna baxmayaraq, Çinin siyasətindən ehtiyat edən ölkələr də az deyil. ABŞ və Yaponiya ilə yanaşı, Avstraliya da Pekindənki hərbi paraddan narahat olub. İş o yerə çatıb ki, Avstraliya hökuməti paytaxt Kanberranın böyük konsert salonlarından birində Çin səfirliyinin Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyətinin 80-ci ildönümünü keçirməyə icazə verməyib. Halbuki, tədbirlə bağlı əvvəlcədən razılaşma olub. Ancaq Avstraliya hökuməti son anda razılaşmadan imtina edib və tədbir səfirlik binasında keçirilib.
Maraqlıdır ki, Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən hərbi paradda iştirakdan yayınaraq yerinə başqa diplomatı göndərib”.



Digər xəbərlər
jpeg-1757099755.jpeg)
Şahin Mustafayevlə Mher Qriqoryan görüşüb

Moskva Bakıya cavab verdi: “Heç kimdə şübhə qalmasın”

Azərbaycan və Tailand XİN-ləri arasında nə baş verir?

ADSEA məlumat yayıb

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib
