Tiencində Şanxay Əməkdaşlıq Təşkilatının illik sammiti işə başlayıb

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti işə başlayıb. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. Tədbir çərçivəsində üzv dövlətlərin əsas sənədlərinin, o cümlədən təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul edilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir. Ümumilikdə ŞƏT-in 23 sammiti keçirilib.
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib.



Digər xəbərlər

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Evlər kəskin şəkildə BAHALAŞIB

Avqust ayında dünyada ən çox bahalaşan malların adı açıqlanıb

Ağdama qatarla səfərlərə start verilib
