Türkiyə kəşfiyyatının rəhbəri İraqda danışıqlar aparıb
 

00:03 / 10.07.2025 Oxunub: 1239

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Bağdadda İraqın yüksəksəviyyəli rəsmiləri ilə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorla birgə mübarizə təşəbbüslərinin gücləndirilməsi səylərini müzakirə etmək üçün görüşlər keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kalın əvvəlcə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani, daha sonra isə Prezident Əbdüllətif Camal Rəşid ilə görüşüb. Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, görüşdə İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn də iştirak edib.

Türkiyənin kəşfiyyat rəhbəri səfər çərçivəsində müdafiə naziri Sabit Abbasi, Milli Kəşfiyyat Xidmətinin rəisi Həmid əş-Şatri, Suverenlik Alyansının lideri Hamis əl-Həncər və Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə də müzakirələr aparıb.

Görüşlər zamanı tərəflər sərhədlərin təhlükəsizliyi və terror təhdidlərinin aradan qaldırılması üzrə koordinasiyalı səylər vasitəsilə “Terrorsuz Türkiyə” hədəfinə nail olmaq istiqamətində birgə addımları müzakirə ediblər. İraq tərəfi Ankaraya bütün səviyyələrdə tam dəstəyini bir daha bəyan edib.

Danışıqlarda, həmçinin ikitərəfli münasibətlərin ümumi vəziyyəti ilə yanaşı, regional sülh və sabitliyin gücləndirilməsi imkanları da diqqət mərkəzində olub.

Hər iki tərəf atəşkəs prosesində baş verən son hadisələri dəyərləndirib və bu kontekstdə İran və İsrail arasındakı gərginlik də gündəmdə olub.

Kalın türkmənlərin məskunlaşdığı bölgələrdə təhlükəsizlik vəziyyətini nəzərdən keçirmək və qarşıdan gələn seçkilərə hazırlıqla bağlı yenilikləri almaq üçün İraq Türkmən Cəbhəsinin (İTC) sədri Seman Ağaoğlu və yüksəksəviyyəli İTC rəsmiləri ilə ayrı-ayrılıqda görüşüb.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə