Bəzi insanlar niyə daha tez qocalırlar? - TƏDQİQAT
 

14:17 / 21.08.2025 Oxunub: 52

 

Yeni araşdırma bəzi insanların digərlərindən daha tez qocalmasının səbəblərinə aydınlıq gətirib. Amerika Birləşmiş Ştatlarının Boulder Kolorado Universitetində aparılan tədqiqat zamanı sürətlənmiş qocalma ilə əlaqəli 408 gen müəyyən edilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, bu genlər insanlarda fərqli “qocalma tipləri” ilə bağlıdır. Məsələn, SP1 geni Altsheymer və zəif yaddaşla, FTO geni isə piylənmə və müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

Tədqiqata əsasən, hər kəs fərqli şəkildə yaşlanır. Kiminsə zehni sağlam qala bilər, amma hərəkət çətinliyi yaranar. Digəri isə fiziki güclü olsa da, idrak zəifliyi ilə üzləşə bilər.

Alimlər gələcəkdə insanların fərdi “qocalma risk balı” alacağını və bunun xəstəliklərin qarşısını almaq üçün hədəfli müalicələrə yol aça biləcəyini bildirirlər. Onlar, həmçinin vurğulayırlar ki, ümumilikdə yaşlanma əleyhinə “möcüzəvi həb” olmayacaq. Amma müxtəlif qocalma tipləri üçün fərqli müalicələrin hazırlanması mümkündür.

Qeyd edək ki, bu araşdırmanın nəticəsi barədə “Nature Genetics” jurnalında məlumat dərc olunub.



Digər xəbərlər

Xəbər lenti

21 Avqust 2025
19 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ