Britaniya mediası Azərbaycan nümayəndə heyətinin Kral III Çarlz tərəfindən təşkil olunan qəbulda iştirakından yazır
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniya Kralı III Çarlz tərəfindən Sent-Ceyms sarayında verilən və superçirkləndiricilərə qarşı mübarizəyə, ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunmuş qəbulda iştirak edib.
AZƏRTAC Britaniyanın “GBnews” nəşrinə istinadla xəbər verir ki, sarayın Taxt-Tac zalında keçirilən qəbulda beynəlxalq təşkilatlardan, dövlət qurumlarından və ətraf mühit ictimaiyyətindən təxminən 250 nümayəndə iştirak edib. Tədbir Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Departamenti tərəfindən təşkil olunub.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində COP29 prezidentinin Britaniya monarxının ətraf mühit gündəliyinin irəliləməsinə verdiyi töhfəni təqdir etdiyini qeyd edərək vurğulayıb ki, Kral III Çarlzın ətraf mühit məsələlərinə sadiqliyi bütün dünya üçün ilhamverici bir nümunədir.
Britaniya nəşrinin yazdığına görə, COP29 prezidentinin tədbirdə iştirakı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və zərərli emissiyaların azaldılması üzrə beynəlxalq səylərdə fəal rolunu əks etdirir. Materialda əlavə olunur ki, Azərbaycan COP29-a Sədrliyi dövründə iqlim maliyyələşdirilməsinə, enerji keçidinə və beynəlxalq ətraf mühit əməkdaşlığına xüsusi diqqət yetirib.
Kral III Çarlz uzun müddətdir ki, ətraf mühitin qorunması sahəsindəki fəaliyyəti ilə tanınır və yarım əsrdən çox müddətdə davamlı inkişaf və iqlim dəyişikliyi təşəbbüslərini dəstəkləyir.


Digər xəbərlər
Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur
Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib
Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib
Nazir: Zəngəzur dəhlizi ilə bağlı sənədlərin hazırlanması prosesi gedir
Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib
Xəbər lenti
Ən çox oxunan
