Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində Rusiyanın “kölgə donanmasına” aid neft tankerini saxlayıb
 

18:28 / 26.06.2026 Oxunub: 35

 

Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən “Deliver” adlı neft tankerini saxlayıb. Bu, son on ay ərzində Fransa tərəfindən həyata keçirilən beşinci belə əməliyyatdır.

AZƏRTAC xəbər verir ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, gəmi Kamerun bayrağı altında üzsə də, saxta bayraqdan istifadə etməkdə şübhəli bilinirdi. Rusiyanın Primorsk limanından yola çıxan tanker BMT-nin Dəniz Hüququ Konvensiyasının 110-cu maddəsinə əsasən yoxlanılıb. Sənədlərin araşdırılması zamanı gəminin istifadə etdiyi bayrağın qanuniliyinə dair şübhələr təsdiqlənib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Avropa Rusiyanın “kölgə donanması” vasitəsilə beynəlxalq sanksiyaların pozulmasına və müharibənin maliyyələşdirilməsinə imkan verməyəcək. Onun sözlərinə görə, bu əməliyyat Avropa ölkələrinin sanksiyaların icrasına sadiqliyini nümayiş etdirir.

Hadisə bir neçə gün əvvəl Böyük Britaniyanın La-Manş boğazında Rusiyanın “kölgə donanması”na aid başqa bir neft tankerini saxlamasından sonra baş verib. Makron əməliyyatın görüntülərini sosial şəbəkədə paylaşaraq Avropanın Rusiyaya qarşı təzyiqləri artırmağa davam edəcəyini vurğulayıb.

Fransa hərbi qurumlarının açıqlamasına əsasən, “Deliver” tankeri əlavə araşdırmalar aparılması üçün Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə lövbər salacağı əraziyə yönləndirilib. Hadisə ilə bağlı Marsel prokurorluğuna da məlumat verilib.

Xatırladaq ki, bundan əvvəl Fransa Hərbi Dəniz Qüvvələri “Tagor”, “Deyna”, “Grinch” və “Boracay” adlı Rusiya ilə əlaqəli tankerləri də saxlamışdı. Onlardan yalnız “Tagor” hələ də saxlanılır, digərləri isə cərimə ödədikdən sonra buraxılıb.



Digər xəbərlər

Xəbər lenti

26 Iyun 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ