Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı
 

13:00 / 18.05.2026 Oxunub: 56

 

Çingiz Aytmatov yalnız qırğız ədəbiyyatının deyil, bütövlükdə XX əsr dünya nəsrinin ən böyük simalarından biri hesab olunur. O, həm qırğız, həm də rus yazıçısı kimi qəbul edilib, yaradıcılığı milli sərhədləri aşaraq ümumbəşəri məna qazanıb. Əsərləri 175 dilə tərcümə edilib, kitabları milyonlarla tirajla nəşr olunub. Sosialist realizmi üslubunda yazsa da, onun nəsrində türk ruhu, xalq yaddaşı və mifoloji düşüncə xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Folklordan qidalanan böyük ədəbiyyat yaradıcısı” başlıqlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, 1928-ci ildə Qırğızıstanda anadan olan yazıçının atası Torequl Aytmatov 1938-ci ildə repressiya qurbanı olmuşdu. Aytmatov ilk dəfə 1952-ci ildə çap olunan “Qəzetçi Dzyuyo” hekayəsi ilə diqqət çəkdi. Müharibədən sonrakı dövrün sosial faciələrini əks etdirən əsərdə yetim uşağın həyatı vasitəsilə sosial ədalətsizlik problemi qaldırılırdı. Sonralar Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan yazıçı 1958-ci ildə çap olunan “Cəmilə” povesti ilə dünya şöhrəti qazandı.

Ç.Aytmatovun yaradıcılığı qırğız xalqının nümunəsində türkdilli xalqların şifahi xalq ədəbiyyatı, mifologiyası və əfsanələri ilə dərindən bağlıdır. Yazıçı folklor elementlərindən sadəcə bəzək kimi deyil, əsərlərinin fəlsəfi strukturunu qurmaq və bəşəri mesajlar vermək üçün bir vasitə kimi istifadə edib. Ç.Aytmatov yaradıcılığında folklorun əsas təzahür formaları rəngarəngdir. Mifik obrazlar və əfsanələrdən bəhrələnən müəllif real hadisələrin gedişatına qədim qırğız əfsanələrini daxil edərək onlara yeni nəfəs verir. Məsələn, "Ağ gəmi" povestindəki "Buynuzlu Ana Maral" əfsanəsi xalqın soykökünü və təbiətlə olan mənəvi bağlılığını simvolizə edir. Manqurtlaşma mövzusu “Əsrdən uzun sürən gün" romanında yer alan "Manqurt" əfsanəsi folklor elementinin müasir dövrlə necə sintez edildiyinin ən parlaq nümunəsidir. Bu əfsanə vasitəsilə yazıçı tarixi yaddaşın itirilməsinin bir faciə olduğunu vurğulayır. Simvolizm və təbiət faktorunda isə folklorun ayrılmaz tərkib hissəsi olan təbiətə canlı varlıq kimi yanaşma Aytmatovun demək olar ki, bütün əsərləri üçün xas elementlərdəndir. Heyvan obrazları, məsələn, "Qiyamət" romanındakı Akbar və Taşçaynar canavarları xalq inanclarından gələn rəmzlərdir və hər biri daşıdığı mənalarla xalqın ruhu ilə cilalanan mənəvi normaların tənzimləyicisi kimi görünür. Yazıçının üslubunda atalar sözləri, məsəllər və xalq deyimləri mətni zənginləşdirir.

O, "Manas" dastanının ruhunu müasir nəsrlə birləşdirərək milli kimliyi ön plana çıxarır. Aytmatov folkloru modernizmlə birləşdirərək sübut etdi ki, qədim miflər və əfsanələr müasir insanın mənəvi problemlərini izah etmək üçün ən güclü vasitədir. Onun əsərlərində qurd, at, balıq və ağaç kimi türk mifologiyasının müqəddəs sayılan kültlərinə geniş yer verilir. Yazıçı xalqın şifahi yaradıcılığını müxtəlif janrlar vasitəsilə mətndə canlandırır, onlardakı epos ənənələri, xüsusilə dastan qəhrəmanlarının igidliyi və təbiətlə mübarizəsi ön plana çəkilir. Belə məqamlarda müəllifin qəhrəmanlarının türkülər - xalq mahnıları ilə dünyanı qavramaq istəyinin şahidi oluruq. "Əsrdən uzun sürən gün"də Aral qazaxlarının ifa etdiyi türkülər personajların ruh halını və milli kimliyini ifadə etdiyinin şahidinə çevriliriksə, digər əsərlərindədə şamanizm elementlərini, od və su ilə bağlı inancları, həmçinin islamın türk xalqlarının gündəlik həyatındakı yerini görürük. Ümumiyyətlə, Aytmatov üçün folklorun iki əsas məqsədə xidmət etdiyini müşahidə edirik: Milli yaddaşın bərpası cəhdini və totalitar rejim şəraitində xalqın tarixini, ənənələrini gizli qatda qoruyub saxlamaq istəyini. Bu cəhdlərin fonunda ümumbəşəri mesajın ötürülməsini görürük: Milli folklor elementləri vasitəsilə insanlıq, vicdan və əxlaq kimi qlobal dəyərləri vurğulamaqla o, milli olmaqla bərabər, miqyasına görə bəşəri yazıçıya çevilir.

“Cəmilə”, “İlk müəllim”, “Ana tarlası”, “Köşək gözü”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Ağ gəmi”, “Əsrdən uzun sürən gün”, “Qiyamət” kimi əsərləri Ç.Aytmatov yaradıcılığının əsas mərhələlərini təşkil edir. Bu əsərlərdə insanın mənəvi azadlığı, yaddaş problemi, təbiətlə münasibəti və vicdan məsələləri aparıcı xətt kimi çıxış edir. Yazıçının qəhrəmanları sovet ədəbiyyatında geniş yayılmış sxematik “müsbət qəhrəman” modellərindən fərqlənir; onlar həyatın içindən çıxan, mənəvi seçim qarşısında qalan adi insanlardır.

Alim vurğulayır ki, folklor və mifologiyanın müasir nəsrlə üzvi şəkildə birləşdirilməsi Ç.Aytmatovun yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. “Ağ gəmi”dəki “Buynuzlu Ana Maral” əfsanəsi, “Əsrdən uzun sürən gün”dəki manqurt motivi, “Qiyamət”dəki canavar obrazları sadəcə folklor detalı deyil, insanın mənəvi faciəsini ifadə edən fəlsəfi simvollardır. Yazıçı mifləri bədii bəzək kimi deyil, insan yaddaşını və milli kimliyi qoruyan vasitə kimi təqdim edir.

Onun əsərlərində təbiət ayrıca qəhrəman funksiyası daşıyır. Dağlar, çöllər, heyvanlar və su obrazları insanın daxili aləmi ilə paralel şəkildə təqdim olunur. “Ana tarlası”nda Tolqonayın torpaqla dialoqu müharibənin doğurduğu ağrının poetik ifadəsinə çevrilir. “Qırmızı yaylıqlı qovağım mənim” əsərində isə sevgi və ailə faciəsi texniki tərəqqi ilə mənəvi dəyərlərin toqquşması fonunda göstərilir.

Ədəbi tənqid Aytmatov yaradıcılığında xüsusilə “ruhun ekologiyası”, insan-təbiət münasibətləri və tarixi yaddaş problemini ön plana çıxarırdı. Fransız yazıçısı Lui Araqon “Cəmilə”ni “dünyanın ən gözəl sevgi hekayəsi” adlandırmışdı. Rus tənqidçiləri isə onun əsərlərində milli xarakterlə ümumbəşəri problemlərin sintezini xüsusi vurğulayırdılar.

“Əsrdən uzun sürən gün” romanı Aytmatovun fəlsəfi-estetik dünyasının zirvəsi sayılır. Burada real həyat hadisələri mifoloji qat və kosmik düşüncə ilə paralel inkişaf edir. Mankurt obrazı totalitar sistemlərin insan yaddaşını silmək siyasətinin simvoluna çevrilib. Yazıçı bu əsərlə yalnız sovet cəmiyyətinin deyil, bütövlükdə bəşəriyyətin mənəvi təhlükələrini göstərməyə çalışırdı.

Çingiz Aytmatov folkloru modern düşüncə ilə birləşdirərək sübut etdi ki, qədim miflər müasir insanın mənəvi problemlərini ifadə etmək üçün ən güclü vasitələrdən biridir. Onun yaradıcılığı milli yaddaşı qorumaqla yanaşı, insanlıq, vicdan və mənəviyyat kimi ümumbəşəri dəyərləri də ön plana çıxarır. Bu xüsusiyyətlərinə görə Aytmatov həm Türk dünyasının, həm də dünya ədəbiyyatının böyük yazıçılarından biri kimi qəbul olunur.

Professor Mahirə Hüseynova onu da vurğulayıb ki, Çingiz Aytmatov şəxsiyyəti və yaradıcılığı ilə təkcə Azərbaycan ədəbiyyatına deyil, cəmiyyətimizə çox böyük təsir göstərib. Onun yaradıcılığının ölkəmizin ədəbi mühitinə impuls verdi və bunu ötən əsrin 60-cı illər ədəbi nəsrində müşahidə etmək olardı. Təsadüfi deyildi ki, keçmiş Sovet İttifaqının ən parlaq siyasətçilərindən və dövlət xadimlərindən olan Ümummilli Lider Heydər Əliyev Çingiz Aytmatovu "Türk dünyasının fəxri" adlandıraraq onun sənəti ilə bərabər, şəxsiyyətinin mahiyyətini yüksək qiymətləndirirdi: “Aytmatov hər zaman ədalətin keşiyində duran və öz xalqını dünya miqyasında layiqincə təmsil edən böyük yazıçıdır”.

Çingiz Aytmatovun Heydər Əliyevi "XX əsrin görkəmli liderlərindən biri" adlandırması, "tarixi, hətta əfsanəvi şəxsiyyət" kimi xarakterizə etməsi ustad yazıçının böyük dövlət xadimini hansı səviyyədə qəbul etməsinin göstəricisi idi. 2008-ci il fevral ayının 25-də Çingiz Aytmatovu Bakıda qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ona “Dostluq” ordeninin 1-ci nömrəsini təqdim edərkən onu belə dəyərləndirirdi: “Bu orden “Dostluq” adlanır. Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın söhbətlərindən bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləmisiniz. Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz”.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ