Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.
Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğuladı ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.
Qonaq ölkəmizin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirdi, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən respublikamızda keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini dedi. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirdi və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulandı, ölkəmizlə bu qurum arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparıldı.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı. Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.


Digər xəbərlər
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb
Azərbaycan və UN-Habitat WUF13 standartlarının gələcəkdə tətbiqi ilə bağlı Niyyət Məktubu imzalayıb
Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir
Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir
Xəbər lenti
Ən çox oxunan
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO