Professor Fərrux Rüstəmov: Divarlara yazılan cızma-qaralar, əslində, valideyn məsuliyyətsizliyinin nəticəsidir
 

11:19 / 06.04.2026 Oxunub: 146

 

Respublika əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Nizami Kino Mərkəzi Bakının mədəni simvollarından biri olmaqla yanaşı, həm də şəhərin mədəni yaddaşının ayrılmaz hissəsidir. Tarixi arxitekturası, zərif fasadları, geniş və işıqlı salonları, estetik detalları və ətraf mənzərəsi ilə diqqəti cəlb edən binanın konstruksiyası həm funksional, həm də incə sənətkarlıq nümunəsidir. Mədəni-tarixi əhəmiyyətli belə bir tarixi binanın divarlarına çəkilən cızma-qaralar sadəcə vandalizm aktı deyil, bu, şəhər mədəniyyətinə münasibətin açıq göstəricisidir.

Həmin cızma-qaralar onları çəkən yeniyetmələrin əxlaq səviyyəsinin, mənəvi tərbiyəsinin zəif olmasının, milli-mənəvi irsə və dəyərlərə biganəliyinin, həmçinin onlarda ictimai məsuliyyət hissinin olmamasının bariz nümunəsdir. Bu, həm də valideynlərin məsuliyyət səviyyəsini göstəricisidir.

Bu barədə AZƏRTAC-a açıqlamasında ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov məlumat verib. O, bildirib ki, tarixi binaların divarlarını ləkələmək, görüntülərə müdaxilə etmək Şərq şəhər mədəniyyətinin dərin qatlarını özündə daşıyan Bakı şəhərinin reputasiyasına ciddi zərbədir. Yad mədəniyyətin təsiri ilə süni gündəm yaratmağa çalışan bu gənclərin davranışı, həmçinin ailədə və təhsil ocaqlarında formalaşdırılan tərbiyə modelində qüsurların olduğunu ortaya qoyur. Hər bir gənc və yeniyetmə anlamalıdır ki, mədəni irsi qorumaq yalnız vəzifə deyil, həm də əxlaqi borcdur. Tarixi abidələr və mədəni simvollar bizim kimliyimizin, mədəniyyətimizin və keçmişimizin aynasıdır. Onlara hörmət etməmək yalnız özümüzə deyil, gələcək nəsillərə qarşı da məsuliyyətsizlik və mənəviyyatsızlıqdır.

Professor Fərrux Rüstəmov qeyd edib ki, hadisəni törədənlərdən biri universitet tələbəsi, digərləri isə özəl orta məktəbin yuxarı sinif şagirdləridir. Bunlar kifayət qədər təhsil görmüş uşaqlardır, yəqin ki, təhsildə də müəyyən uğurları var, amma əxlaqlarında və mənəviyyatlarında ciddi boşluq var. Son illərdə gənclərin intellektual inkişafına daha çox diqqət yetirilir, tərbiyəsinə isə kifayət qədər önəm verilmir. Bu hadisə təhsil ocaqlarında ciddi müzakirə edilməli, yanlış davranışın törətdiyi fəsadlar izah edilməli, vandallıq aktı qətiyyətlə pislənilməlidir. Burada yalnız cəza tətbiqi ilə kifayətlənmək olmaz, hökmən tərbiyəvi məsuliyyət mexanizm də tətbiq edilməlidir. Həmin yeniyetmələr valideynləri ilə birlikdə korlanmış divarların bərpasına cəlb edilməli, törətdikləri məsuliyyətsiz və mədəni irsə qarşı hörmətsiz hərəkətlərin nəticəsini şəxsən aradan qaldırmalıdırlar. Onların həmin sahəni təmizləmələri, rəngləyərək əvvəlki vəziyyətinə qaytarmaları həm məsuliyyət hissinin formalaşmasına, həm də digər gənclər üçün real dərsə çevrilə bilər. Hər bir gənc bu dərsi unutmamalı, ictimai və dövlət mülkiyyətinə qarşı daha məsuliyyətli davranmalıdır.

“Bu hadisə ilk növbədə valideyn məsuliyyətini gündəmə gətirir. Çünki küçədə gördüyümüz hər bir davranış ailədə formalaşan tərbiyənin nəticəsidir. Uşaq küçədə təkcə özünü deyil, valideynini də təmsil edir. Əgər bir yeniyetmə tarixi-mədəni abidənin divarını yazmağı normal hesab edirsə, deməli, ona ictimai mülkiyyətə hörmət, şəhər mədəniyyəti və vətəndaş məsuliyyəti aşılanmayıb. Təəssüf ki, bəzi valideynlər uşağın geyiminə, telefonuna, təlim nailiyyətlərinə diqqət yetirsə də, onun mənəvi davranışına, ictimai yerlərdə özünü necə aparmasına kifayət qədər vaxt ayırmırlar. Bu hadisə hər bir valideyn üçün ciddi xəbərdarlıq olmalıdır. Övladın tərbiyəsi yalnız şəxsi məsələ deyil, ictimai məsuliyyətdir.

Divarı korlayan, onun estetikasına ciddi xələl gətirən yeniyetmələr sabah şəhərin taleyini müəyyənləşdirəcək insanlardan biri olacaq. Ona görə də məsələni yalnız hüquqi pozuntu kimi deyil, tərbiyə, dəyər və ictimai məsuliyyət problemi kimi qiymətləndirmək lazımdır. Şəhərin gələcəyi divarlara çəkilən cızma-qaralarla deyil, düşünülmüş ideyalar, yaradıcı fəaliyyət və mədəni davranışla qurulur. Tarixi və mədəni irsə hörmətsizlik həm fərdi, həm də ictimai səviyyədə mənəvi boşluq yaradır”, - deyə alim bildirb.



Digər xəbərlər

Xəbər lenti

Ən çox oxunan

Hadisə

Müsahibə