Böyük turançı - Əli bəy Hüseynzadə

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndəsi, yazıçı, publisist, ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin bu il anadan olmasının 160 illiyidir. O, 1864-cü ildə Salyan bölgəsində dünyaya göz açıb. Bir çox müasirləri və silahdaşları kimi onun da həyatı qürbətdə sona çatıb. Bu da dövrün təzadları, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş verən olaylarla bağlıdır. Ə.Hüseynzadə 1940-cı il martın 17-də dünyasını İstanbulda dəyişib.
Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə əsil-nəcabətli bir ailənin övladı idi. Qafqaz Şeyxülislamı Axund Əhməd Səlyaninin qız nəvəsiydi. Şeyxülislam xalq arasında sayılıb-seçilən, müxtəlif elmlərin mahir bilicisi, eyni zamanda imperiya məqamlarında böyük nüfuz sahibi idi. O, 1876-cı ildə "Əkinçi"də çap olunmuş məqalələrində həm ruhaniyyət alimi, həm də dünyəvi elmlərin təəssübkeşi kimi çıxış edirdi. İmperator onu 1881-ci ildə "III dərəcəli müqəddəs Vladimir ordeni" ilə təltif etmişdi.
Çox erkən yaşlarında atasını itirən Əli bəy Hüseynzadə belə kamil, mötəbər bir şəxsiyyətin himayəsi və tərbiyəsi altında böyümüşdü. Ailənin zəngin olması ona mükəmməl təhsil almaq imkanı vermişdi. O, Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki məktəbdə oxumuş, növbəti ildə birinci şəhər gimnaziyasında təhsil almışdı. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdir. Gimnaziyanı bitirəndən sonra 1885-ci ildə babasının xeyir-duası ilə Peterburq İmperatorluq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bu ali məktəbdə təhsilini 1889-cu ildə başa çatdırmışdı. O, həm də Şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmiş, dövrün məşhur elm xadimləri D.Mendeleyev, Y.Vaqner, N.Menşutkin, V.Jukovski və başqalarından dərs almış, imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə yaxından tanış olmuşdur.
Növbəti il o, daha bir ali məktəbdə - İstanbul Universitetinin Hərbi tibb fakültəsində təhsil almağa başlayır. Həkim diplomu alan Ə.Hüseynzadə İstanbulun Heydərpaşa xəstəxanasında yüzbaşı rütbəsində dermatoloq (dəri xəstəlikləri həkimi) kimi fəaliyyət göstərir. Sonra İstanbul Universitetinin Dəri-zöhrəvi xəstəlikləri kafedrasında müsabiqə yolu ilə professor köməkçisi - dosent vəzifəsinə seçilir.
Ə.Hüseynzadə hələ Peterburqda təhsil aldığı illərdə siyasi dərnəklərdə fəal iştirak edirdi. Sonralar siyasi fəaliyyətini İstanbul Universitetində davam etdirir, tələbə yoldaşları ilə birlikdə Sultan Əbdülhəmidin rejiminə qarşı "İttihad və tərəqqi" partiyasının əsas yaradıcılarından biri olur. Sultan xəfiyyələri tərəfindən təqib edilən Əli bəy 1903-cü ilin əvvəlində Bakıya dönmək məcburiyyətində qalır.
Əli bəy İstanbuldan qayıtdıqdan sonra, hələ siyasi proseslərə qoşulmazdan əvvəl Bakıda bir müddət həkim işləyir, jurnalistika sahəsində çalışır, "Kaspi" və "Baku" qəzetləri ilə əməkdaşlıq edir. 1905-ci ilin aprelində "Ümumrusiya müsəlmanlarının ehtiyaclarına dair" məktubu qraf Vitteyə təqdim etmək üçün Peterburqa göndərilən Rusiyanın müsəlman liderlərindən ibarət 11 nəfərlik heyətdə təmsil olunur, Rusiya Müsəlman İttifaqının gizli şəkildə çağırılmış qurultaylarının işində iştirak edir.
Turançılıq məfkurəsi onun çoxşaxəli fəaliyyətinin təməlində dururdu. Ə.Hüseynzadə türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun nəzəri əsaslarını işləyib hazırlayaraq güclü ideoloji hərəkata çevrilməsini təmin etmişdir. 1905-ci ildə Əli bəy "Türklər kimdir və kimlərdən ibarətdir" sualını geniş və siyasi müstəvidə qaldırmışdı. Bundan başqa, o, "Həyat" qəzetində və "Füyuzat" məcmuəsində dərc etdirdiyi "Türk dilinin vəzifeyi-mədəniyyəsi", "Məcnun və Leylayi-islam", "Yazımız, dilimiz", "İkinci il", "Siyasəti-Fürusət" məqalələrində ictimai və siyasi fəaliyyətinin məqsəd və məramını açıq şəkildə şərh edirdi.
"Füyuzat"ın 1907-ci ildə çıxan 9-cu sayında o, Turanın hüdudlarını nişan verirdi: "Tulən Mançuriyadan və Sibiryanın əqsayi-şərq şimalında cərəyan edən Lena nəhri sahilindən başlayıb, Altay, Qaraqurum, Pamir, Hindiquş, Qafqaz, Krım dağlarından keçərək, Balkan dağlarının müntəhayi-qərbinə qədər, ərzən Ural dağlarının müntəhayi-şimalından Afrikanın səhrayi-Kəbirinə qədər olan yerlərdə sakin bulunan əhalinin ismi-əzimi türk dili ilə mütəkəllim bulunurlar".
"Məcnun və Leylayi-islam" məqaləsində sağlam Turan imperiyası yaratmaq, orada müsəlman dövlətlərinin mövqeyini müəyyənləşdirmək məsələsi irəli sürülürdü. Əli bəy milli cəmiyyət quruculuğunda müasir insan amilinə böyük əhəmiyyət verirdi.
Ə.Hüseynzadənin jurnalistik və ictimai-siyasi fəaliyyəti bir vəhdət təşkil edirdi.
Beləliklə, 1903-1910-cu illərdə Əli bəy Hüseynzadə xalqımızın tarixinin bu önəmli dövrünün əsas səhifələrini yazdı. Onun fikirləri milli dirçəliş uğrunda mübarizələrin qida mənbəyinə çevrildi, "türkləşmək, islamlaşmaq, müasirləşmək" Azərbaycan Xalq Cümhuriyyətinin atributlarında reallaşdı.
Əli bəy Hüseynzadə 1910-cu ilin sonunda Bakını tərk edir. Abdulla Şaiq yazırdı: "Əli bəy Hüseynzadə və onun tərəfdarları Azərbaycanda özlərinə yer tapa bilmədilər. Yerli qabaqcıl ziyalılar tərəfindən ciddi müqavimətə rast gələrək bir-bir Türkiyəyə qayıtmağa başladılar".
1911-ci il sentyabrın 1-də "Türk yurdu" cəmiyyəti qurulur və Əli bəy cəmiyyətin qurucuları sırasında olur. 1912-ci il iyulun 9-da əslən çərkəz olan zabit Şəmsəddin bəyin qızı Ədhiyə xanımla ailə həyatı qurur.
1918-ci ilin yayında Azərbaycana səfər edir. "Digər mühüm bir səfər də … Federasyondan ayrılıb ayrı bir hökumət halında təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Gəncəyə (Nuru Paşanın yanına) qədər getməyimizdən ibarətdir". Bu barədə Əli bəy səfərdən qayıdandan sonra "Hilali-Əhmər" qəzetində "Azərbaycanda düşündüklərim" məqaləsində yazmışdı. 1919-1922-ci illərdə Türkiyədə şiddətli təqib edilir. Bu dövrdə iki dəfə həbs olunur. 1926-cı ilin əvvəllərində Ə.Hüseynzadə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda iştirak edir.
1928-ci ildə Əli bəyin fəaliyyətinin başqa - əvvəlkilərdən fərqli bir tərəfi özünü göstərir. O, alim və filosof Adam Smitin "Sərvəti-miləl" əsərini fransızcadan tərcümə edir.
1933-cü ildə Ə.Hüseynzadə Türkiyənin maarif naziri vəzifəsində çalışır. O, həmişə olduğu kimi, 30-cu illərdə də çoxşaxəli fəaliyyətini davam etdirirdi. Lakin tədricən onun səhhətində problemlər yaranır.
Əli bəy Hüseynzadənin mətbuatda dərc olunmuş son yazısı "Afət qarşısında şair, alim və gənclik" şeiri oldu. Şeir Ərzincanda baş vermiş zəlzələyə və Qızılaya həsr edilmişdi. Şeir 1940-cı il yanvarın 15-də "Tan" qəzetində dərc olunmuşdu.
Əli bəy Hüseynzadə geniş yaradıcılıq diapazonuna malik bir alim və yazıçı idi. Bununla yanaşı, o, bir çox sahələrdə - tibdə, fəlsəfədə, tarixdə, siyasətdə, sosiologiyada və digər sahələrdə öz izini qoya bilmişdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"



Digər xəbərlər

Vətənə və xalqa olan dərin sevginin təzahürü

Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək

Məhkəmədə Ermənistanın Şuşanı işğal etməsinə qədər baş vermiş hadisələrə dair sənədlər tədqiq olunub

DTX Akademiyasının rəisindən GÖZLƏNİLƏN ÇIXIŞ

Tələbələrimiz qondarma erməni soyqırımı ilə bağlı tədbiri ləğv etdirdilər
