Geofit bitkilərin populyasiyası sürətlə azalır
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən nadir bitkilər təhlükə altındadır; geofit növlərin populyasiyası sürətlə azalır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva deyib.
Professor qeyd edib ki, son illər Azərbaycanda bəzi nadir və qiymətli bitki növlərinin populyasiyasında ciddi azalma müşahidə olunur. Xüsusilə geofit bitkilərin nəzarətsiz toplanması onların təbii yayılma arealının daralmasına və gələcəkdə tamamilə yox olma təhlükəsinin yaranmasına səbəb olur.
Botanika sahəsində aparılan müşahidələr göstərir ki, erkən yazda toplanaraq bazarlarda satılan bir sıra geofit bitkilər insanların yüksək marağı səbəbindən təbiətdə əvvəlki qədər geniş yayılmır. Bu növlər arasında Puşkiniya (el arasında “ələyəz” kimi tanınır) xüsusi yer tutur. Həm dekorativ görünüşü, həm də qida məqsədilə istifadə olunması onun həddindən artıq yığılmasına gətirib çıxarır.
Mütəxəssis bildirir ki, təhlükə altında olan növlərdən biri də “Rheum ribes” (uşqun) bitkisidir. Bu nadir növ əsasən Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində yayılıb. Yaz aylarında bitkinin cavan zoğlarının qida məqsədilə kütləvi şəkildə toplanması onun çiçəkləmə və toxumvermə prosesini pozur. Nəticədə bitki öz təbii çoxalma imkanlarını itirir və populyasiyası ildən-ilə azalır.
Alim vurğulayıb ki, bitki ehtiyatlarından səmərəli istifadə edilməsi üçün hər növün bioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Bəzi yabanı meyvələrin müəyyən hissəsinin toplanmasına icazə verilsə də, nadir və məhdud yayılmış bitkilərin yalnız çox kiçik hissəsinin yığılması məqsədəuyğundur. Əks halda həmin növlərin bərpası çətinləşir və biomüxtəlifliyə ciddi zərər dəyir.
Müsahibimizin sözlərinə görə, təbiətdən bitki toplayan şəxslər toplama qaydaları, növlərin mühafizə statusu və onların bərpası ilə bağlı məlumatları əvvəlcədən araşdırmalıdırlar. Bu məlumatlar elmi məqalələrdə, elektron resurslarda və botanika tədqiqatlarında geniş şəkildə əks olunub. Nadir bitkilərin qorunması yalnız dövlət qurumlarının deyil, həm də cəmiyyətin ümumi məsuliyyətidir. Təbiət sərvətlərindən istifadə zamanı ekoloji məsuliyyətin artırılması və maarifləndirmə işlərinin gücləndirilməsi geofit bitkilərin və digər nadir flora növlərinin gələcək nəsillər üçün qorunub saxlanılmasına xidmət edəcək.


Digər xəbərlər
Rəşadət və demokratiyanın müdafiəsi epopeyası: Türkiyədə 2016-cı il iyulun 15-də həlak olan qəhrəmanların xatirəsi anılır
Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Astrofiziklər Günəşdən trilyon dəfə parlaq 31 kvazar aşkar ediblər
Bənövşəyi çiçək dənizi: Qəbələnin lavanda sahələrinə səyahət
“Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində Lənkəranda maarifləndirici tədbir keçirilib
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
Xəbər lenti
Ən çox oxunan
YAP Səbail rayon təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib -FOTOLAR