Rəşadət və demokratiyanın müdafiəsi epopeyası: Türkiyədə 2016-cı il iyulun 15-də həlak olan qəhrəmanların xatirəsi anılır
 

14:24 / 14.07.2026 Oxunub: 127

 

Türkiyədə Fətullah Gülənin terror təşkilatı (FETÖ) tərəfdarlarının xain çevriliş cəhdindən on il ötür.

Seçilmiş hökuməti devirmək planı çərçivəsində 2016-cı il iyulun 15-də qiyamçılar tərəfindən təxminən 9000 əsgər, 35 təyyarə, 37 helikopter və 74 tank da daxil olmaqla 246 zirehli texnika səfərbər edilmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına cavab olaraq, (“CNN Türk”də yerli vaxtla saat 00:24-də yayımlanıb – red.) on minlərlə insan küçələrə çıxıb.

Terrorçuların planları özlərini tankların altına atan və qiyamçıların güllələri ilə öldürülən təhlükəsizlik qüvvələrinin və adi vətəndaşların cəsarəti ilə pozulub.

AZƏRTAC xəbər verir ki, qanuni seçilmiş hökumət təhlükəni tamamilə aradan qaldırmaq üçün 21 saat vaxt sərf edib. F. Gülənin tərəfdarlarına qarşı mübarizədə 253 Türkiyə vətəndaşı həlak olub.

Türkiyə parlamentinin qərarı ilə 15 iyul tarixi Demokratiya və Milli Birlik Günü elan edilib.

Fövqəladə vəziyyətin iki ili ərzində FETÖ ilə əlaqəsi olan ümumilikdə 125.678 dövlət qulluqçusu işdən çıxarılıb. Türkiyə Silahlı Qüvvələrindən 24 minə qədər, polisdən təqribən 40 min, məhkəmə və prokurorluq orqanlarından isə təxminən 4 min nəfər kənarlaşdırılıb.

FETÖ ilə mübarizə çərçivəsində 720.338 şəxsə qarşı cinayət işi açılıb.

Hazırda Türkiyə həbsxanalarında cinayətkar təşkilatın 10.485 üzvü cəza çəkir.

Bundan başqa, 83.404 şəxsə qarşı istintaq və məhkəmə prosesi davam edir, 33.827 şəxs haqqında həbs qətimkan tədbiri seçilib. Həmçinin 373.594 şəxsə qarşı istintaq dayandırılıb, 124.743 şəxs isə məhkəmə qərarı ilə bəraət alıb.

FETÖ ilə bağlı 289 işin hamısı birinci instansiya məhkəmələrində yekunlaşıb. Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk, general-mayor Hakan Emir, general-mayor Mehmet Dişli və Prezidentin sabiq baş köməkçisi Ali Yarqıcı da daxil olmaqla 1634 nəfər ciddi rejimli həbsxanalarda ömürlük həbs cəzasına məhkum edilib. Ümumi rejimli həbsxanalarda isə 1366 nəfər ömürlük həbs cəzası çəkir. Daha 1891 nəfər müxtəlif müddətlərə həbs cəzalarına məhkum edilib.

Terrorçu lider Fətullah Gülən ABŞ-nin Pensilvaniya ştatında gizlənirdi və 20 oktyabr 2024-cü ildə orada vəfat edib. Türkiyə uzun müddətdir ki, onun ekstradisiyasını istəyirdi. Türkiyə Cinayət Məcəlləsinin 27 maddəsini ehtiva edən və FETÖ liderinin ekstradisiyasını tələb edən yeddi dosye ABŞ hakimiyyət orqanlarına təhvil verilmişdi.

Ədliyyə naziri Akın Gürlek əvvəllər Ankaranın 119 ölkəyə ümumilikdə 2950 Gülən tərəfdarı üçün ekstradisiya tələbləri göndərdiyini bildirmişdi.

Türkiyə hüquq-mühafizə orqanları illərdir ki, FETÖ-yə qarşı ölkə daxilində fəal mübarizə aparır.

Təkcə bu ilin əvvəlindən bəri Türkiyədə 650-dən çox əməliyyat keçirilib və nəticədə FETÖ ilə əlaqəsi olan 1500 şübhəli saxlanılıb, onlardan 500-dən çoxu həbs edilib.

Türkiyə hakimiyyəti qanlı təşkilatın gəlir mənbələrini kəsmək üçün qətiyyətli addımlar atıb. Belə ki, 15 iyul çevriliş cəhdindən sonra FETÖ tərəfindən idarə olunan ən azı 2200 təhsil müəssisəsi və 1000-dən çox kurs bağlanıb. Hökumət xaricdəki FETÖ məktəblərini və universitetlərini bir-bir qaytaran Türkiyə Təhsil Fondunu yaradıb.

Hakimiyyət orqanları FETÖ terror təşkilatının yaratdığı təhlükənin tamamilə aradan qalxmadığına əmindir və vətəndaşları ayıq-sayıq olmağa çağırır.

2016-cı il çevriliş cəhdinə müqavimət göstərən vətəndaşların qəhrəmanlığını xatırlamaq üçün Ankarada yaradılmış “15 iyul - Demokratiya Muzeyi” 15 iyul 2021-ci ildə açılandan bəri bu məkanı 440 mindən çox insan ziyarət edib.

Türkiyədə demokratiya və azadlıqlara qarşı bu xain hücumun onuncu ildönümündə ölkənin müxtəlif şəhərlərində çoxsaylı tədbir keçiriləcək. Ən böyük tədbirlər isə İstanbul, Ankara, İzmir, Antalya və Qaziantepdə baş tutacaq.

“Bizim iradəmiz qələbəmizdir” şüarı ilə keçirilən anım tədbirləri ictimai demokratik şüuru gücləndirmək məqsədi daşıyır.



Digər xəbərlər

Xəbər lenti

14 Iyul 2026
13 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ