Naxçıvanda icbari tibbi sığorta üzrə yeni struktur yaradılıb

10:55 / 27.01.2026 Oxunub: 818

Azərbaycan Respublikasında icbari tibbi sığorta sisteminin ölkə üzrə vahid mexanizm əsasında tətbiqinin təmin olunması məqsədilə mühüm institusional addım atılıb. Bu çərçivədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialı fəaliyyətə başlayıb.

Kanal 20 TV xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, yeni filialın yaradılmasında əsas məqsəd Naxçıvanda icbari tibbi sığorta sisteminin daha effektiv və davamlı tətbiqinə nail olmaq, əhalinin keyfiyyətli və əlçatan səhiyyə xidmətlərinə çıxışını genişləndirməkdir. Eyni zamanda, tibbi xidmətlərin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də qarşıya qoyulan əsas hədəflər sırasındadır.

Yeni struktur Agentliklə tibb müəssisələri arasında əlaqələrin gücləndirilməsinə, icbari tibbi sığorta haqlarının toplanmasına və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarətin artırılmasına mühüm töhfə verəcək.

Filialın funksiyalarına əhalinin icbari tibbi sığorta barədə maarifləndirilməsi, ilkin səhiyyə xidmətlərinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili də daxildir. Bununla yanaşı, regionda icbari tibbi sığorta ilə bağlı proseslərin elektronlaşdırılması və informasiya texnologiyaları infrastrukturunun inkişafına dəstək göstərilməsi də nəzərdə tutulur.

Qeyd edilib ki, filialın fəaliyyəti Agentliyin ümumi idarəetmə sistemi çərçivəsində və mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə