Hindistanda ölümcül Nipah virusu yayılır – tibb işçiləri də yoluxanlar arasındadır

11:39 / 25.01.2026 Oxunub: 1126

Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya spesifik müalicəsi olmayan ölümcül Nipah virusunun yayılması qeydə alınıb.

Kanal 20 TV xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkarlanıb. Onlardan üçü cari həftə ərzində qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və digər səhiyyə işçilərinin olması vəziyyətin ciddiliyini daha da artırır.

Məlumata görə, yeni ildən dərhal sonra Kəlkətə yaxınlığında yerləşən özəl xəstəxanada çalışan iki tibb bacısında Nipah virusu aşkarlanıb. Onlarda yüksək hərarət və tənəffüs çatışmazlığı müşahidə olunub. Yoluxan qadınlardan birinin komaya düşdüyü bildirilir.

İlkin ehtimallara əsasən, həmin tibb bacısı testlər aparılmamışdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.

Qeyd edək ki, Nipah virusu yarasalar vasitəsilə yayılan təhlükəli patogendir. Virus heyvanlardan insanlara keçə bilir və ağır hallarda ensefalit, həmçinin kəskin tənəffüs yolu xəstəlikləri yaradır. Mütəxəssislərin məlumatına görə, bəzi hallarda virusun ölüm göstəricisi 80 faizə qədər yüksəlir.

Nipah virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində qeydə alınır və ciddi insan tələfatına səbəb olur. Virus 1998-ci ildə aşkarlandığı vaxtdan bu günədək təxminən 1000 nəfərin yoluxmasına səbəb olub.

Hazırda Hindistanın səhiyyə qurumları bölgədə təhlükəsizlik və nəzarət tədbirlərini gücləndirib.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə