Həyatını xalqına həsr etmiş lider
 

15:58 / 09.05.2026 Oxunub: 34

 

Bu gün biz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 103-cü ildönümünü qeyd edirik. Onun titanik fəaliyyəti, misilsiz siyasi iradəsi və uzaqgörən strateji baxışları Azərbaycanın XX əsrin sonu və XXI əsrin əvvəlindəki taleyini kökündən dəyişib, ölkəmizin müstəqilliyinin əbədi və dönməz olmasına möhkəm zəmin yaradıb.

Bu sözlər Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın AZƏRTAC-a təqdim etdiyi “Həyatını xalqına həsr etmiş lider” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.

Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına diqqət yetirib. Heydər Əliyevin rəhbərliyi ilə sənaye sahəsində yeni müəssisələr yaradılıb, mövcud olanlar modernləşdirilib, kənd təsərrüfatında məhsuldarlıq artırılıb, elm və təhsilin inkişafı daim diqqətdə olub. Dahi rəhbərin təşəbbüsü və qayğısı nəticəsində 1970-1980-ci illərdə minlərlə gənc oğlan və qız müsabiqədənkənar yolla SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə oxumağa göndərilib. Sonralar onlar Vətənə qayıdaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində əmək fəaliyyətinə başlayıb və Azərbaycanın inkişaf etdirilməsinə töhfələr veriblər. Mədəniyyətin zənginləşməsi, milli dəyərlərin qorunması və təbliği sahələri də daim Heydər Əliyevin prioritetləri arasında olub.

Lakin Heydər Əliyevin ən böyük tarixi xidməti, şübhəsiz ki, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi yolunda göstərdiyi fədakarlıqdır.

Heydər Əliyevin Azərbaycanın xarici siyasətində, xüsusilə keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi titanik səylər ayrıca vurğulanmalıdır. “Qarabağ Azərbaycanın əzəli torpağıdır” fikri onun siyasi fəlsəfəsinin əsas sütunlarından biri idi. Onun üçün Qarabağ təkcə torpaq məsələsi deyildi. Bu, milli şərəf, ərazi bütövlüyü və tarixi ədalətin bərpası demək idi. Onun beynəlxalq təşkilatlarda – BMT-də, ATƏT-də, Avropa Şurasında apardığı prinsipial və məqsədyönlü danışıqlar Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında və Ermənistanın ifşa olunmasında mühüm rol oynayıb.

Ulu Öndərin uzaqgörən siyasətinin ən parlaq nümunələrindən biri də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə təməli qoyulan neft strategiyasıdır. Bu strateji layihə Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkənin milli maraqlarına uyğun şəkildə istifadəsinə, iqtisadiyyatın şaxələndirilməsinə, xarici investisiyaların cəlb olunmasına və xalqın rifahının yüksəldilməsinə xidmət edib. “Əsrin müqaviləsi” Azərbaycanı qısa müddətdə beynəlxalq enerji layihələrinin mərkəzinə çevirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz kəmərlərinin inşasına təkan verib. Bu strategiya müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasında, onun regionda və dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb.

Bu gün qürurla deyə bilərik ki, Heydər Əliyevin başladığı böyük dövlətçilik missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Onun qətiyyətli və prinsipial siyasəti nəticəsində Azərbaycan dövləti tarixi ədalətə nail olub, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudunda öz suverenliyini bərpa etməsini təmin edib. Qarabağın işğaldan azad edilməsi, əslində, Heydər Əliyevin illər boyu yeritdiyi siyasətin, onun xalqına olan inamının və gələcəyə dair uzaqgörən planlarının təntənəsidir. Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək, Azərbaycanı daha da qüdrətli, müasir və inkişaf etmiş bir dövlətə çevirmək üçün yorulmadan çalışır. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, yeni iqtisadi layihələr, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin davamlı inkişafının təminatıdır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onun müdrik kəlamları, qurduğu müasir, güclü və müstəqil Azərbaycan dövləti daim yaşayacaq və inkişaf edəcək. Bizim borcumuz, onun əmanətinə sadiq qalmaq, onun ideyalarını gerçəkləşdirmək və Azərbaycanı daha parlaq gələcəyə doğru aparmaqdır.



Digər xəbərlər

Xəbər lenti

08 May 2026
04 May 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ