Türkiyədə Qars-Bakı birbaşa aviareyslərinin açılması məsələsi müzakirə olunur
Türkiyədə Qars və Bakı arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələr davam edir.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, bu mövzu Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozanın rəhbərliyi ilə keçirilən ikinci qiymətləndirmə iclasında müzakirə olunub.
Onlayn formatda keçirilən müzakirələrdə Qars hava limanının rəhbəri Oğuz Aydəmir, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, AZAL-ın nümayəndəsi Bekir Bıyıklı və Qars Turizm Assosiasiyasının prezidenti Halit Özer iştirak ediblər.
İclasda Bakı ilə Qars arasında birbaşa reyslərin açılması ilə bağlı texniki, əməliyyat və iqtisadi məsələlər hərtərəfli nəzərdən keçirilib.
Müzakirələr zamanı hər iki ölkədə təhsil alan tələbələrin nəqliyyat ehtiyaclarına xüsusi diqqət yetirilib. Bildirilib ki, birbaşa reyslərin açılması vaxta qənaət etməyə və nəqliyyat xərclərini azaltmağa imkan verəcək.
Qars Ticarət və Sənaye Palatasının sədri qeyd edib ki, reyslərin açılması qış turizmi və mədəni turizm sahəsində böyük potensiala malik Şərqi Anadolunun azərbaycanlı turistlər üçün daha əlçatan olmasına şərait yaradacaq.
Kadir Bozan vurğulayıb ki, Azərbaycanın paytaxtına birbaşa uçuşların həyata keçirilməsi iki qardaş ölkə arasında ticarət əlaqələrinin inkişafına, regional iqtisadi fəallığın artmasına və yeni əməkdaşlıq formalarının yaranmasına töhfə verəcək.
Məsələnin, həm də aviareyslərlə bağlı texniki-iqtisadi əsaslandırmalar çərçivəsində müzakirəsinin davam etdirilməsi qərara alınıb.


Digər xəbərlər
Prezident: "İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır"
Azərbaycan Prezidenti: "Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır"
Hindistan gələn il də düyü ixracını məhdudlaşdıracaq
Abdullkadir Uraloğlu: Zəngəzur dəhlizinin reallaşması Türk dünyasını birləşdirəcək mühüm addımdır
Azərbaycanla Macarıstan arasında ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib
