İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilir

20:30 / 19.10.2025 Oxunub: 124

Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uzun illər Türkiyədə Azərbaycan mədəniyyətini tanıdan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyi tərəfindən şairin yubileyi münasibətilə hazırlanan ikigünlük layihə çərçivəsində təşkil olunub.

Layihənin ilk günü “Axı dünya fırlanır” mövzusunda keçirilən tədbirdə Bəxtiyar Vahabzadənin həyatına və əsərlərinə həsr edilən panel iclas olub. İclasda İstanbul Mədəniyyət Universitetinin müəllimi İsa Kocakaplan, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşar və “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Kamalə Kamal Cabbarovanın Bəxtiyar Vahabzadə ilə bağlı məruzələri dinlənilib.

Həmçinin Hafiz Ataxanlı, Günel Karatepe, Zeynəb Yalçın, Sahil Nəzərovun birgə fəaliyyəti, Orxan Lətifzadənin bəstəkarlığı ilə hazırlanan və Bəxtiyar Vahabzadəyə həsr olunmuş “İstiqlal şairi” sənədli filminin premyerası olub, şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılıb.

Tədbirin bədii hissəsində aşıq Rəna Quliyevanın ifasında Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnı ifa edilib, məktəbli Arvis Sadigov şairin “Azərbaycan-Türkiyə” şeirini səsləndirib.

Layihənin ikinci günü birliyin nəzdində fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası olacaq.

Qeyd edək ki, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin nəzdindəki Vizyon Teatr Birliyinin 10-cu mövsümünün açılışı ilə əlaqədar adı dəyişdirərək Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı olaraq fəaliyyətini davam etdirəcək. Teatrın yubiley mövsümünün açılışı Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunub.

 



Digər xəbərlər

Xəbər lenti

19 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ