Prezidentdən iki publik hüquqi şəxslə bağlı yeni fərman – qurumlar birləşdirildi
Prezident İlham Əliyev iki publik hüquqi şəxsin yenidən təşkili ilə bağlı fərman imzalayıb.
Kanal 20 TV xəbər verir ki, sənədə əsasən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi”nin ona qoşulması yolu ilə yenidən təşkil olunur.
Bununla yanaşı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona birləşdirilməsi nəticəsində fəaliyyətini “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” adı altında davam etdirəcək.
Fərmana əsasən, Medianın İnkişafı Agentliyi media sahəsinin inkişafının dəstəklənməsi, peşəkar kadr hazırlığı, jurnalistlərin əlavə təhsilinin təşkili, audiovizual, çap və onlayn media subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, qurum ictimai münasibətlərin inkişaf dinamikasını təhlil edəcək, sosial tədqiqatlar aparacaq, ictimai rəyin öyrənilməsini təmin edəcək və elmi-analitik nəticələri dövlət qurumlarına təqdim edəcək.
Yeni yaradılan “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” isə region və dünyada baş verən proseslərin araşdırılması, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə fundamental tədqiqatların aparılması, Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcək. Mərkəz həmçinin tolerantlığın, mədəni və dini müxtəlifliyin qorunması, Azərbaycanın multikultural modelinin təşviqi və tədqiqi sahəsində iş aparacaq.
Fərmana uyğun olaraq, “Sosial Tədqiqatlar Mərkəzi”nin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquq və öhdəlikləri, eləcə də əmlakı müvafiq olaraq Medianın İnkişafı Agentliyinə və yeni yaradılan Mərkəzə keçir.


Digər xəbərlər
Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti
Prezident və Birinci Xanım Xocalı Soyqırımı Memorialının Açılışında İştirak Ediblər
Türkiyəli rəsmi Xocalıda faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi
Xocalı soyqırımının 34-cü ildönümü: Dövlət rəsmiləri abidəni ziyarət etdi
İlham Əliyev BMT-nin Kibercinayətkarlığa Qarşı Konvensiyasını təsdiqlədi