Bu qarpızları almayın, zəhərlənməyə səbəb olur - XƏBƏRDARLIQ

19:45 / 08.09.2025 Oxunub: 56

Xəbər verildiyi kimi, bir neçə gün öncə Astarada 15 nəfər qapırzdan zəhərlənib. TƏBİB-in yaydığı məlumata görə sentyabrın 5-də müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlardan 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Məlumata görə, zəhərlənən şəxslərin hamısı rayonun Motalyataq kənd sakinləridir. Belə ki, Heydərov soyadlı 3 qardaşın ailə üzvləri dünən gecə birlikdə qarpız yeyiblər. Səhəri gün onlar zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qarpız zəhərlənməsi qida zəhərlənmələri arasında ən təhlükəlisi hesab olunur və onun fəsadları uzun müddət davam edə bilər. Mütəxəssislərin sözlərinə görə, qarpızın qırmızı və şirin olması heç də zəhərsiz olduğuna dəlalət etmir. Çox vaxt zəhərlənməyə səbəb qarpız yetişdirilərkən istifadə edilən gübrə və dərmanlardır.

Mütəxəssislər qeyd edir ki, qarpız alarkən onun sağlam və zərərsiz olduğunu müəyyənləşdirmək mümkündür. Təzə qarpız bütöv, təmiz, öz növünə xas rəngdə olur. Yetişmiş qarpızın saplağı və yanındakı bığcığı quruyur, üzərindəki naxışlar isə aydın görünür. Səthi parlaq olan qarpızlar çox vaxt kəsiləndə yetişmiş çıxır. Ən keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olur.

Əgər qarpızın üzərində sarı ləkələr çoxdursa, bu, onun kal çıxma ehtimalının yüksək olduğunu göstərir. Belə qarpızlar adətən şirin olmur. Buna görə də seçim edərkən bu məqama diqqət etmək vacibdir. Qarpızın tərkibində su, şəkər, mineral maddələr, azotlu birləşmələr və müxtəlif vitaminlər mövcuddur. O, orqanizmdə susuzluğu aradan qaldırır, bədəni sərinlədir, həzmi yaxşılaşdırır və qanı durulaşdırır. Qarpız yeməklə həmçinin öd ağrılarını azaltmaq, qan təzyiqini tənzimləmək mümkündür.

eyyub son.PNG (353 KB)

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb:

“Qurumuzda olan nitrat ölçən cihazla biz illər boyudur qarpızı ən erkən vaxtlarından tutmuş sona qədər təqib edirik. Hətta qış aylarında da. Çox təəssüflər olsun ki, bəzən qarpızların tərkibində nitratların miqdarı normadan 6 dəfə çox olur. 1 kq qarpızda nitrat 60 milliqramdan çox olmamalıdır. Amma bəzən ölçülərdə 250-300 milliqram çıxır. Onu da etiraf edək ki, ildən-ilə bu azalır, qarpızların tərkibində nitratın miqdarı getdikcə aşağı düşür. Bazarda keçirdiyimiz monitorinqlərin nəticəsi də bunu deməyə əsas verir. Burada, əlbəttə, gübrələrin baha olması məsələsi, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər də öz müsbət nəticələrini verir. Lakin əhali bilməlidir ki, qarpız elə bir bitkidir ki, əgər ondan öncə həmin sahədə yonca əkilibsə, oradan çıxan qarpızın nitratı çox olur. Belə qarpızlar çox böyük olur, sanki gübrə verilmiş kimi, və insanları zəhərləyə bilər. Qeyd edim ki, icazə verilən norma 1 kq-da 60 milliqramdır. İnsanlarda zəhərlənmə isə 360 milliqram olanda baş verir.

Beləliklə, tərkibində nitrat çox olan qarpız adətən böyük olur, daha şirin görünür, kəsəndə içi çəhrayı rəngdə olur, içərisində ağ damarları müşahidə edilir. Nitratı az olan qarpız isə nisbətən kiçik olur, kəsəndə içi al-qırmızı çıxır, damarları çox nazik olur, bıçaq dəyən kimi partlayır və sairə. Ola bilsin ki, Astara hadisəsində də zəhərlənən insanlar nitratı çox olan qarpızdan istifadə ediblər və çox yeyiblər, nəticədə də zəhərlənmə baş verib. Təəssüf ki, mövsümün sonuna qədər də nitratlı qarpızlara rast gəlinir. Ən böyük tövsiyəm: böyük qarpız almayın”.



Digər xəbərlər

Xəbər lenti

08 Sentyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ