İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

Çində beyin-kompüter interfeysləri (BCI) sahəsində aparılan tədqiqatlar və klinik sınaqlar sürətlə genişlənir. Son illərdə ölkə bu texnologiyaya böyük investisiyalar ayıraraq iflic insanların motor funksiyalarına nəzarətini bərpa etməyə yönəlmiş innovativ cihazlar üzərində işləyir. Çində bu sahəyə maraq və fəaliyyətin artması ABŞ-ın aparıcı şirkətləri ilə rəqabətə səbəb olub. Çin hökuməti bu sahəni strateji innovasiya istiqaməti kimi müəyyənləşdirib və müxtəlif dövlət fondları vasitəsilə maliyyə dəstəyi göstərir. Şanxay Texnologiya Universitetinin nevroloqu Yuanninq Li qeyd edir ki, bu texnologiyaların inkişafı üçün ölkədə yetərli tibbi infrastruktur və geniş əhali mövcuddur.
AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, tədqiqatlar çərçivəsində hazırlanmış cihazlardan biri olan NEO adlı simsiz və minimal invaziv implant pnevmatik əlcək ilə birləşdirilərək iflicli şəxslərin əl hərəkətlərini bərpa etməyə imkan verir. Sinxua Universitetindən Honq Bo bildirir ki, 2023-cü ildə cihaz yerləşdirilən ilk xəstə tutma gücünü bərpa edib və gündəlik fəaliyyətlərində ondan istifadə edə bilib. İndiyədək bu implant 20 nəfərə tətbiq edilib. NEO komandası neyromorfik çiplərdən istifadə etməklə çipin ölçüsünü kiçildib, enerji sərfini azaldaraq, məlumat emalını sürətləndirib. Bu texnoloji yanaşma barədə nəticələr “Nature Electronics” jurnalında dərc olunub.
Eyni zamanda, Şanxayda yerləşən “NeuroXess” şirkəti epilepsiya xəstəsi olan qadının beyninə 256 zond yerləşdirərək onun sosial media tətbiqlərindən istifadə və əlil arabasını idarə etməsini təmin edib. Bu təcrübə daha mürəkkəb hərəkətlərin idarə olunması istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunur.
Tədqiqatçıların fikrincə, bu texnologiyalar gələcəkdə yalnız Çində deyil, bütün dünyada iflicli və digər neyroloji xəstəliklərdən əziyyət çəkən insanlara fayda verə bilər. Bununla yanaşı, bu sahədəki sınaqların çoxu hələlik erkən mərhələdədir və müvafiq elmi nəşrlərlə nəzərdən keçirilməyib.



Digər xəbərlər

Peruda Misir sivilizasiyası ilə eyni dövrə təsadüf edən 3500 illik qədim şəhər tapılıb

Böyük Britaniyanın torf ərazilərində zəhərli metallar aşkarlanıb

Donald Tramp ABŞ Sahil Mühafizəsi üçün buzqıranların alınmasına 8,6 milyard dollar ayırmaq niyyətindədir

Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var

BMT: Hazırda 60 ölkədə 100 milyona yaxın insan hələ də mina təhlükəsi altında yaşayır
