Ukraynada yaşayan azərbaycanlı cərrah: Xəstələri bunkerlərdə qəbul edirdim
 

11:28 / 19.11.2022 Oxunub: 2845

Rusiyanın Ukraynada başladığı müharibə zamanı ukraynalılarla yanaşı bu ölkədə yaşayan soydaşlarımız da peşəsindən asılı olmayaraq yardımlarını əsirgəmirlər. Bu xüsusda Ukraynada çalışan azərbaycanlı həkimləri də qeyd etmək vacibdir. Həyatlarını riskə ataraq həm ön, həm də arxa cəbhədə fasiləsiz olaraq çalışırlar. Belə soydaşlarımızdan biri də 1981-ci ildə Bakıda anadan olan Kiyev şəhər Kliniki Onkoloji Mərkəzin onkoloq-cərrahı Rahim Aslanovdur. Həkim soydaşımız AZƏRTAC-a müsahibəsində Xətai rayonunun Əhmədli qəsəbəsində 24 saylı orta məktəbini bitirdikdən sonra 1997-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olduğunu söyləyib. Daha sonra isə taleyi və işi Ukrayna ilə bağlı olub.

“Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2003-cü ildə Ukraynaya gələrək Kiyev şəhərində 12 saylı xəstəxanada internada olmuşam, 2007-ci ilə qədər onkologiya kafedrasında aspiranturanı oxumuşam. Sonra baş həkim özümü yaxşı tərəfdən göstərdiyim üçün Kiyevdə qalmağı tövsiyə edib. 19 ildir Ukraynada həkim kimi çalışıram. Mədə-bağırsaq, dəri, süd vəzi şişlər xəstəlikləri üzrə həm müalicə, həm də cərrah işlərini aparıram”, - deyə həkim əlavə edib.

“Necə oldu ki, Kiyevi seçdiniz” sualına cavabında Rahim Aslanov bildirib ki, həmişə arzusu cərrah olmaq idi: “Aspiranturadan sonra Ukraynada gözəl iş təklif etdilər. Kiyev şəhər Kliniki Onkoloji Mərkəzdə çalışmaq hər bir həkimin arzusu idi. Bura bütün Ukraynanı özündə cəmləşdirən baş onkoloji mərkəzdir”.

Azərbaycandan da çox sayda xəstələrin müraciət etdiyini deyən həkim həmişə öz millətimizə təmənnasız, yorulmadan xidmət göstərdiyini vurğulayıb.

“Məşhur aforizmdə deyilir ki, “Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır. Siz necə düşünürsünüz” - sualına cavabında isə onkoloq-cərrah bildirib ki, doğurdan da həkim peşəsi riskli və streslidir. Bəzən əməliyyatlar saatlarla çəkir: “Həkim olanda ən uzun əməliyyatım 6 saat çəkib. Mədə-bağırsaq şişinin əməliyyatı idi. 2000-ci illərlə müqayisədə xəstələrin sayı 10-15 faiz artıb, o vaxt xəstələrin orta yaşı 55 yaş idisə, indi yaş tərzi 25-30-dur”.

Soydaşımız Ukraynada müharibə zamanı yaranan kritik vəziyyəti də ürəkağrısı ilə dilə gətirib: “Fevralın 24-də müharibə başlayanda səhər tezdən öz xəstələrim mənə zəng edərək müharibənin başladığını söylədilər. Görünür, bərk yuxuya getdiyimdən, partlayış səslərini eşitmirdim. Həmin gün evdən işə 5 dəqiqəlik yolu 40 dəqiqəyə gedib çatdım. Başa düşdüm ki, vəziyyət çox gərgindir, həmin gün həkimlərin 70 faizi işə çıxa bilməmişdi, kimisi stres keçirirdi, kimlərsə ailələrini daha təhlükəsiz yerlərə köçürürdülər və digər səbəblərdən işə gəlməmişdilər. Həkim çatışmazlığına görə, fevralın 24-dən martın 5-ə kimi xəstəxanada qalmağa məcbur idim. Məndən başqa cəmi 10 cərrah var idi, adi vaxtda 100 cərrah olurdu. Baş həkim belə azərbaycanlı cərrahın qalaraq işləməsini təəccüblə qarşılamışdı. Fevralın 27-də ən ağır vəziyyət olanda Rusiya silahlı qüvvələri Kiyev yaxınlığındakı Makarov kəndində idi. Kiyev şəhərinə hücum cəhdləri var idi. Bizə müraciət etdilər ki, xəstəxanalar xəstələrə baxmağı çatdıra bilmir. Baş həkim 10 cərraha müraciət edərək bizim spesifikamıza uyğun olmayan xəstələrin qəbuluna hazır olmasını soruşdu. Bu, böyük riski idi, biz razı olduq. Cərrahiyyə otaqları xəstəxananın sonuncu 8-9-cu mərtəbələrində yerləşirdi. Xəstəxanamız Jitomir şosesi tərəfindən Kiyevin girişində yerləşdiyindən, şəhərə ilk təhlükə biz tərəfdən idi. Buna baxmayaraq hərbçiləri də qəbul etmişik, bunkerlərdə onkoloji xəstələri qəbul edirdik”.

“44 günlük Vətən müharibəsindəki Qələbəmizdən sonra özünüzü necə hiss etdiniz”, - sualına cavab verərkən isə soydaşımızın gözündəki qüruru sezməmək mümkün deyildi: “44 günlük Vətən müharibəsinin hər günü həkim həmkarlarım necə stres keçirdiyimi görürdülər. Qələbələrdən çox qürur keçirirdim, Birinci Qarabağ müharibəsi başlayanda 10 yaşım var idi, hər şeyi başa düşürdüm. Torpaqlarımızın geri alacağımıza inanmırdım. Ukraynada həmişə mənə deyirdilər ki, necə olur ki, ermənilər sizdən az ola-ola, torpaqlarınızı işğal edə biliblər. Lakin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz, xalqımız bunu bacardı. Bu gün mən azərbaycanlı kimi başı dik gəzirəm. İndi mən çox qürurla deyirəm: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ