Yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin yaradıcılıq gecəsi keçirildi

19:39 / 27.10.2025 Oxunub: 102
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, AYB-nin və Mahmud Kaşqari adına Beynəlxalq Fondunun təşkilatçılığı ilə yazıçı-publisist, politoloq, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin ədəbi-bədii formatda yaradıcılıq gecəsi keçirildi.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi-esseist Əsəd Cahangir müəllifi təbrik etdi və bildirdi ki, xalqlar arasında mədəni əlaqələrin genişlənməsində ədəbiyyatın, sözün, şeirlərin böyük rolu var. Poeziya, ədəbiyyat sülhün rəmzi olmuşdur.

Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çoxsaylı kitabların, qəzet və jurnalların müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadənin yaradıcılıq yolundan ətraflı məlumat verərək qeyd etdi ki, R.Mirzəzadə yaradıcılığa başlayanda yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edib. Və müəllif ilhamlanaraq bu yola çıxıb və çoxsaylı kitablar yazıb. O qeyd etdi ki, R.Mirzəzadənin yaradıcılığının böyük hissəsi rus klassiklərinin həyat və yaradıcılığının araşdırmasına həsr olunub.

Xalq yazıçısı Natiq Rəsulzadə çıxışında Reyhan Mirzəzadənin çox çətin işin öhdəsindən gəldiyini dedi. Xalq yazıçısı qeyd etdi ki, S.Yeseninin həyat və yaradıcılığından yazmaq asan iş deyil. Çünki, onun yaradıcılığı çoxşaxəlidir. O bildirdi ki, Əliağa Kürçaylı S.Yesenini tərcümə edəndə mən də onunla birlikdə işlədim.

Xalq yazıçısı Çingiz Abdullayev Reyhan Mirzəzadəni təbrik etdi və S.Yeseninin xatirəsini yad etdikləri üçün hamıya təşəkkür etdi.

Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov tədbir iştirakçılarını salamladı və R.Mirzəzadənin gördüyü işləri təqdirəlayiq hesab etdi. S.Yeseninin həyatı və yaradıcılığı haqqında qısa məlumat verdi.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin baş müşaviri Valeri Korçagin bu cür tədbirlərin əhəmiyyətindən danışdı.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev tədbirin təşkilatçılarına təşəkkür etdi və S.Yesenin haqqında məlumat verdi.

Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev tədbir iştirakçılarını salamladı bildirdi ki, R.Mirzəzadə çox dərin tədqiqatçıdır. O qeyd etdi ki, S.Yesenin Azərbaycana bağlı olub və 30 ildə ölməzlik qazanıb.

Rus icmasının sədr müavini Lyubov Yakunina tədbir iştirakçılarını salamladı, R.Mirzəzadəyə təşəkkür etdi və S.Yesenin Bakı dövrü haqqında maraqlı məlumat verdi.

Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova bildirdi ki, R.Mirzəzadə çox həvəslə, məhəbbətlə çalışır, onun kitabları bir-birindən gözəl və professional yazılıb. Qeyd etdi ki, dahi insanlar heç vaxt unudulmur S.Yesenin də onlardan biridir. S.Yesenin 30 illik ömründə böyük şöhrət qazanıb, onun lirikasında səmimiyyət var.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin İnformasiya təminatı sektorunun müdiri Fariz Yunisli R.Mirzəzadənin rus ədəbiyyatı ilə bağlı apardığı araşdırmaların köklü ənənələr üzərində bərqərar olunduğunu bildirdi. O qeyd etdi ki, onun araşdırmalarında milli qatlar var və Azərbaycan mədəniyyətinə böyük önəm var.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva Reyhan Mirzəzadənin kitablarının hər birini mütaliə etdiyini dedi. Bildirdi ki, R.Mirzəzadə araşdırmalarında sənədlərə tarixi faktlara əsaslanır. Son kitabı da Azərbaycan milli ruhunu özündə ehtiva edən əsərdir.

Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev Ə.Vahid və S.Yeseninin görüşündən maraqlı faktlar danışdı.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları, Xalq artisti Lyudmila Duxovnaya, Əməkdar artist Firdovsi Atakişiyev və gənc aktyor Mirzəağa Axundzadə, “Gənc şairlər” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazarlar Təşkilatının üzvü Lalə Həsənova, Məsumə Qasımova, Samirə Şıxıyeva, Marina Kolomazova, Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının böyük metodisti İradə Hüseynova, Nizami rayon 10 №-li tam orta məktəbin şagirdləri Şükriyə Məmmədli, Cahid və Fəxri Ağalarovlar şeirlər söylədilər.

Yaradıcılıq gecəsində Tacikistan Respublikasının Azərbaycandakı Səfirliyinin üçüncü katibi Mehranger Sattorova, şair və yazıçılar, ziyalılar, mədəniyyət işçiləri, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Digər xəbərlər

Xəbər lenti

27 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ