Tədqiqatçı-alim: Floranın mühafizəsi üçün elmi qurumlar, dövlət strukturları, QHT-lər birgə fəaliyyət göstərməlidir
Azərbaycan florasının qorunması üçün optimallaşdırılmış idarəetmə mexanizmlərinə ehtiyac var. Buraya qorunan ərazilərin şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin inventarizasiyası, yerli icmaların maarifləndirilməsi və elmi məlumatların qərarverici strukturlara inteqrasiyası daxildir.
Bərpaedici tədbirlər sırasında deqradasiyaya uğramış ərazilərin yaşıllaşdırılması, yerli bitki növlərinin introduksiyası və toxum banklarının yaradılması mühüm rol oynayır. Eyni zamanda, bitki genofondunun qorunması milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri, professor Elşad Qurbanov söyləyib. O qeyd edib ki, floranın mühafizəsi yalnız elmi qurumların işi deyil. Dövlət strukturları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və yerli icmalar bu prosesdə birgə fəaliyyət göstərməlidir. Elmi-tədqiqat işlərinin nəticələrinin praktiki qərarlara çevrilməsi üçün institusional əlaqələrin gücləndirilməsi zəruridir. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, monitorinq nəticələrinin açıq məlumat bazalarına inteqrasiyası və ictimai nəzarətin təşviqi problemlərin həllində mühüm rol oynayır.
“Azərbaycan florasının biomüxtəlifliyi təkcə təbiət sərvəti deyil, həm də elmi, iqtisadi və mədəni irsdir. Botaniki-coğrafi rayonlar üzrə aparılan taksonomik və ekobotaniki tədqiqatlar ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyət daşıyır. Monitorinq, proqnozlaşdırma və optimallaşma tədbirləri elmi əsaslarla həyata keçirildiyi təqdirdə nadir və təhlükə altında olan bitkilərin qorunması mümkün olacaq”, - deyə alim bildirib.


Digər xəbərlər
Psixologiyanın nəbzi Bakıda: Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək
Fransa xarici tələbələr üçün təhsil haqqını artırır
Astanada Regional Ekoloji Sammit öz işinə başlayır
Vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinə sənəd qəbulu davam edir
Əqli mülkiyyətə və müəlliflik hüququna diqqəti cəlb etmək prioritet məsələlərdir
Ali Məhkəmə: Eyni əsasla təkrar mənzil tələbi yolverilməzdir
Xəbər lenti
Ən çox oxunan