AzerGold QSC-nin 10 illik fəaliyyəti: Yeni yataqlar, ixrac və iqtisadi töhfə

13:25 / 11.02.2026 Oxunub: 950

Kanal 20 TV xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılıb. Bu qərar ölkənin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyub.

Şirkətin yaradılması nəticəsində filiz yataqlarının kəşfiyyatı, işlənməsi, qiymətli metalların istehsalı, emalı və satışını əhatə edən vahid dəyər zənciri formalaşdırılıb. Bu da Azərbaycanın mədən sektorunun institusional, texnoloji və idarəetmə baxımından modernləşməsinə mühüm təsir göstərib.

“AzerGold” QSC 5 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb və fəaliyyətə başlayıb. Son 10 il ərzində şirkət bir sıra iri istehsal və infrastruktur layihələrini uğurla həyata keçirərək qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionların sosial-iqtisadi tərəqqisinə töhfə verib.

Şirkət bu müddət ərzində iki yeni qızıl yatağı aşkar edib, dörd qızıl mədəni və bir regional sənaye kompleksini istismara verib.

Məlumata görə, “AzerGold” indiyədək yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satıb. Bu satışlar nəticəsində milli iqtisadiyyata 1,9 milyard manatdan çox vəsait cəlb olunub. Eyni zamanda şirkət dövlət büdcəsinə 214 milyon manat vergi, 37 milyon manat sosial ödəniş edib.

Şirkət yalnız iqtisadi gəlir əldə etməklə kifayətlənmir, həm də regionlarda məşğulluğun artırılması və peşəkar kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirir. Layihələr çərçivəsində ümumilikdə 2 494 nəfər işlə təmin olunub, xüsusilə kənd yerlərindən olan gənclərin dağ-mədən sahəsində yetişdirilməsi istiqamətində təlimlər təşkil edilib.

“AzerGold” mədən sektorunda inteqrasiya olunmuş fəaliyyət modelini tətbiq edir. Şirkətin tərkibində Daşkəsən Dəmir Filiz MMC, onun törəməsi olan “Azərbaycan Metal Company” MMC və ölkədə sənaye partlayıcıları istehsal edən yeganə müəssisə olan “AzerBlast” MMC fəaliyyət göstərir.

Bundan əlavə, şirkət korporativ sosial məsuliyyət, ictimaiyyətlə əlaqələr və ətraf mühitin qorunması sahəsində də dövlətin sosial və ekoloji siyasətinə uyğun layihələr həyata keçirir.

“AzerGold” innovativ metodlar və müasir texnologiyalar tətbiq etməklə milli dağ-mədən sənayesinin rəqabət qabiliyyətini artırmağı, beynəlxalq əməkdaşlığı genişləndirməyi və perspektivli qeyri-dəmir filiz yataqlarını yaxın dövrdə istismara verməyi hədəfləyir.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə