BMT-nin Baş katibi COP30 ərəfəsində üzv ölkələrə müraciət edib
 

13:30 / 23.07.2025 Oxunub: 70

 

BMT-nin Baş katibi Antonio Quterreş dünyanın bərpaolunan enerji mənbələrinə keçidlə bağlı “geri dönüşü mümkün olmayan nöqtəni keçdiyini” elan edib və Braziliyada keçiriləcək COP30 iqlim sammiti ərəfəsində qazıntı yanacağı dövrünün sona yaxınlaşdığını bildirib. O, bu sahədə təşkilata üzv ölkələrdən genişmiqyaslı yeni iqlim planları təqdim etməyi xahiş edib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən tədbirdə çıxış edən Quterreş təmiz enerji sərmayəsinin artmasını, günəş və külək enerjisi xərclərinin aşağı düşməsini xatırladıb. O əlavə edib ki, bu proses mədən yanacaqlarına alternativ yaradır. Baş katib qeyd edib: “Enerji keçidi qarşısıalınmazdır, lakin bu proses hələ kifayət qədər sürətli və ya ədalətli deyil”.

“Fürsət anı: təmiz enerji dövrünün təşəkkülü” adlı çıxış BMT-nin qlobal enerji və maliyyə qurumlarına dair yeni texniki hesabatı fonunda edilib. A.Quterreş keçən il təmiz enerjiyə 2 trilyon dollar investisiya qoyulduğunu, bu rəqəmin neft-qaz sektorundan 800 milyard dollar çox olduğunu və son on ildə sərmayələrin təqribən 70 faiz artdığını qeyd edib. O, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) yeni məlumatlarına diqqət çəkib; bir vaxtlar dörd dəfə baha olan günəş enerjisi indi qazıntı yanacaqlarından 41 faiz ucuzdur. Eynilə, dəniz küləyi enerjisi 53 faiz ucuzlaşıb, dünyada yeni bərpaolunan mənbələrin 90 faizindən çoxu ən ucuz yeni fosil alternativini üstələyir.

A.Quterreş vurğulayıb ki, təmiz enerji gələcəyi “artıq vəd deyil, real faktdır”. O deyib: “Heç bir hökumət, heç bir sənaye və heç bir xüsusi maraq bunu dayandıra bilməz. Əlbəttə, qazıntı yanacağı lobbisi cəhd edəcək və biz onların nə qədər uzağa gedəcəklərini də bilirik. Amma mən onların uğur qazanacağına heç vaxt əmin olmamışam, çünki biz geri dönüş nöqtəsini keçmişik”.

Baş katib ölkələri aylar ərzində gözlənilən milli iqlim planlarının növbəti mərhələsində ambisiyaları artırmağa çağırıb. O, həmçinin emissiyaların 80 faizinə cavabdeh olan G20 ölkələrini 1,5°C həddinə uyğun yeni planlar təqdim etməyə və onları sentyabrda keçiriləcək yüksəksəviyyəli tədbirdə təqdim etməyə çağırıb.

Baş katib əlavə edib ki, hədəflər 2030-cu ilə qədər enerji səmərəliliyini ikiqat və bərpaolunan enerji potensialını üçqat artırmalı, eyni zamanda, mədən yanacaqlarından uzaqlaşmanı sürətləndirməlidir.

A.Quterreş mədən yanacaqlarından asılılığın geosiyasi risklərini də vurğulayıb. “Bu gün enerji təhlükəsizliyinə ən böyük təhlükə mədən yanacaqlarıdır” deyən Baş katib Rusiyanın Ukraynaya təcavüzündən sonra qiymət şoklarını xatırladıb. O əlavə edib: “Günəş işığı üçün heç bir qiymət artımı yoxdur, küləyə embarqo yoxdur. Bərpaolunan enerji real enerji təhlükəsizliyi, real enerji suverenliyi və mədən yanacağı dəyişkənliyindən həqiqi azadlıq deməkdir”.

Bununla belə, maliyyələşdirmə boğulma nöqtəsidir. Baş katibin sözlərinə görə, dünyanın ən yaxşı günəş resurslarının 60 faizinə ev sahibliyi edən Afrika keçən il qlobal təmiz enerji sərmayəsinin cəmi 2 faizini alıb. Son on ildə təmiz enerjinin yalnız beş dollarından biri Çindən kənarda inkişaf etməkdə olan iqtisadiyyatlara yönəldilib. 2030-cu ilə qədər maliyyə axınları 5 dəfədən çox artmalıdır ki, 1,5 dərəcə Selsi həddini canlı saxlamaq və universal girişi təmin etmək mümkün olsun.

A.Quterreş çıxışının sonunda deyib: “Mədən yanacağı əsri tükənir və uğursuzluğa düçar olur. Biz yeni enerji dövrünün başlanğıcındayıq. Amma təmiz enerjiyə tam keçid öz-özünə baş verməyəcək və o, kifayət qədər sürətli, ədalətli deyil. Hər şey bizdən asılıdır. Bu, bizim fürsət anımızdır”.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ