Qazaxıstan-Çin sərhədində “Ağıllı gömrük” pilot layihəsinə start verilib
 

13:40 / 23.07.2025 Oxunub: 89

 

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi Qazaxıstan-Çin sərhədində “Baxtı” (Qazaxıstan) – “Pokitu” (Çin) sərhəd-keçid məntəqələrində həyata keçiriləcək “Ağıllı gömrük” innovativ pilot layihəsinə start verildiyini elan edib.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Maliyyə Nazirliyindən verilən məlumata görə, ilk dəfə olaraq sərhədi keçəcək pilotsuz yük maşınlarından istifadə olunacaq. Layihə tərəflər arasında Çinin Taçenq şəhərinin rəhbərliyi ilə keçirilən işgüzar görüş zamanı razılaşdırılıb.

Layihədə sürücüsü olmayan pilotsuz nəqliyyat vasitələrinin (AGV) istifadəsi nəzərdə tutulur. Bundan əlavə, vahid elektron bəyannamənin tətbiqinə başlanılıb və keçid məntəqəsində yükdaşımaların qeydiyyatı rəqəmsal olacaq. Burada avtomatlaşdırılmış naviqasiya və idarəetmə də tətbiq edilib.

Bu layihə sayəsində yük axınının ildə 10 milyon tona qədər artması, gömrük rəsmiləşdirilməsi vaxtının əhəmiyyətli dərəcədə azalması, nəqliyyat xərclərinin minimuma düşürülməsi, logistika əməliyyatlarının şəffaflığının və təhlükəsizliyinin artırılması, avtomobil infrastrukturunun boşaldılması və logistika qovşaqlarının inkişafı, habelə kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl, yağlı bitkilər, ət və emal məhsulları ixracının stimullaşdırılması nəzərdə tutulur.

Bildirilir ki, təşəbbüs sərhəd infrastrukturunun müasirləşdirilməsi, yeni iş yerlərinin yaradılması və investisiyaların cəlb edilməsinə əlavə stimul verəcək.

“Yeni layihənin həyata keçirilməsi Çin ilə ticarət-iqtisadi əməkdaşlığı dərinləşdirəcək və Qazaxıstanın Mərkəzi Asiyada əsas tranzit qovşağı kimi mövqeyini gücləndirəcək”, - deyə Qazaxıstan Maliyyə Nazirliyi vurğulayıb.



Digər xəbərlər

Xəbər lenti

24 Iyul 2025
23 Iyul 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ