Rəqəmsal dünyaya məktub 

14:58 / 28.12.2025 Oxunub: 336

                                              

   Salam, rəqəmsal dünya. Bu məktubu sənə 21-ci əsrin yorğun nəfəsindən, yorğun insanların ürəyindən yazıram. Bəlkə də sənə ilk dəfədir belə açıq danışıram. Bəlkə də ilk dəfədir səni həm sevib, həm incitdiyimi etiraf edirəm. Əvvəlcə təşəkkür edirəm. Mənə nostalji hisslər yaşatdığın, yaddaşımın tozunu silib keçmişi bir anlıq da olsa geri qaytardığın üçün. Sən bizim həyatımıza işıq kimi girdin xəbərlər gətirdin, yenilik gətirdin, rahatlıq gətirdin. Dünyanı ovuc içi qədər kiçiltməyi bacardın. Sənin sayəndə xalqlar bir-birini tanıdı, dillər qarışdı, mədəniyyətlər görüşdü. Uzaqlıq anlayışını dəyişdin bir mesajlıq məsafəyə çevirdin. Bütün bunlara görə sənə minnətdaram. Amma səndən danışmaq həm də bir az acı verir. Çünki səninlə birlikdə nələrsə qazandıq, amma nələrəsə də səssizcə vida etdik. Biz özümüzü itirdik, kitab vərəqlərinin xışıltısını, səhifələrin arasına sıxılmış illərin qoxusunu , qələmin kağızda yavaş-yavaş doğulan izini . Hamısını yaddan çıxardıq. Bir şəkil çəkdirmək üçün poz verdik, amma həyatın özünün içində dayanıb “yaşadım” deməyi unuda-unuda böyüdük. Bir zamanlar bir zənglə sevdiklərimizin səsini eşidirdik indi isə “sonuncu dəfə nə vaxt danışdıq?” deyə yadımıza salmağa çalışırıq. Bir zamanlar dərdimizi insanla bölüşürdük indi isə status yazıb özümüzə təsəlli axtarırıq. Bir zamanlar gizli sirrlərimizi kağıza əmanət edirdik indi isə sənə, süni intellektə danışırıq. Bəlkə də ən gizli sözlərimizi ilk dəfə bir ekrana deyirik, bir proqramdan təsəlli gözləyirik. Biz danışmağı unutduq, gözə baxıb dinləməyi unutduq. Bir insanın nəfəsini hiss etməyi, yanında susmağın belə bir bağ olduğunu unutduq. Sən həyatımıza daxil olanda sanki bir tərəfimiz işıqlandı, bir tərəfimiz də kölgəyə çəkildi. Amma yenə də sənə qəzəb deyil daha çox özümüzə acığımdır. Çünki günah sənə bağlanmağımızdadır. Səni vasitə yox, bəzən dərdimizi gizlədən pərdə, bəzən də təkliyimizi örtən yorğan kimi istifadə etməyimizdədir. Bütün bunlara baxmayaraq… yenə də sənə təşəkkür edirəm. Çünki sən bizə dəyişməyi öyrətdin. Bəzən yaxşıya, bəzən pisə . Amma hər halda dəyişdik. Və mən ümid edirəm ki, bir gün çox gec olmadan biz yenidən özümüzə qayıdarıq.

    Kağızın küyünə, kitabın sükutuna, insanın insana verdiyi o isti toxunuşa. Həyatın ekrana sığmayan hissələrinə ,səsini itirməyən xatirələrə. Bəzən elə gəlir ki, səndən ayrılmaq istəyirik. Amma ayrılmağa cəsarətimiz çatmır.Bir insanı itirməkdən qorxduğumuz qədər, səni itirməkdən də qorxuruq artıq. Bu, ən böyük təəssüfümdür və bilirsən, rəqəmsal dünya bəlkə də bir gün biz sənin içində tamam yox olacağıq hisslərimizi, səsimizi, içimizdəki o son qalıq insaniliyi belə itirəcəyik. Bəlkə də bir gün artıq heç kim kitab vərəqlərini çevirməyəcək, heç kim məktub yazmayacaq. Heç kim gözünə baxıb “mən burdayam” deməyəcək. Və o gün gələndə sən qalacaqsan. Biz isə özümüzü xatırlamaq üçün belə gecikmiş olacağıq. Amma yenə də nə qədər qəribə olsa da bu məktubu sənə bağlayıram. Son sözüm isə budur:

Əgər bir gün biz yenidən özümüzə qayıda bilsək o gün səninlə aramızdakı məsafəni doğru ölçməyi öyrənəcəyik. Amma indilik bu məktub həm təşəkkürüm, həm də səssiz bir vida kimidir.

 

                                                                                                         Müəllif : Vəfa Abdullayeva 



Digər xəbərlər

Xəbər lenti

30 Dekabr 2025
29 Dekabr 2025
28 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ