İlham Əliyev Ağdərədə danışdı, region eşitdi: Azərbaycan geri dönməyəcək
Prezident İlham Əliyevin dünən Ağdərədə etdiyi çıxış postmüharibə dövrünün siyasi və mənəvi mənzərəsini dolğun şəkildə əks etdirən mühüm hadisə kimi yadda qaldı. Dövlət başçısının azad edilmiş torpaqlarda səsləndirdiyi fikirlər təkcə bir bölgəyə deyil, bütövlükdə ölkənin gələcək inkişaf strategiyasına ünvanlanan aydın və qəti mesajlar idi.
“Ötən il 5-ci ildönümünü qeyd etdiyimiz tarixi zəfər Azərbaycan dövlətini dünyaya qalib ölkə, xalqımızı isə qalib xalq kimi tanıtdı. Bu zəfər eyni zamanda, bizim “torpağı qorumasan əkib-becərməyə, əkib-becərməsən qorumağa dəyməz” fəlsəfəsinə sadiqliyimizi bir daha ortaya qoydu. Yəni, düşmənin 30 illik işğalçılıq, talançılıq siyasətinə baxmayaraq torpaqlarımız işğaldan azad olunandan dərhal sonra quruculuq-abadlıq işlərinə başladıq”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən dərhal sonra Prezident İlham Əliyevin əsas prioriteti genişmiqyaslı quruculuq və bərpa prosesinin başlanması oldu: “Çünki 30 ilə yaxın müddətdə öz doğma yurd-yuvalarından didərgin salınmış yüz minlərlə vətəndaşın doğma ocaqlarına qayıdışı dövlət üçün yalnız siyasi deyil, eyni zamanda mənəvi və tarixi önəm kəsb edirdi. Eyni zamanda, onu da xüsusi vurğulamalyıq ki, Azərbaycan bu prosesi təsadüfi və ya mərhələli deyil, sistemli və planlı şəkildə həyata keçirməyi qarşısına məqsəd qoydu. Azad edilmiş ərazilər boş torpaq kimi deyil, gələcəyin inkişaf mərkəzləri kimi nəzərdə tutuldu. Burada həm yaşayış, həm iqtisadiyyat, həm də sosial mühit eyni vaxtda formalaşdırılmağa başlandı. Dövlət bütün resurslarını səfərbər edərək bu bölgələri müasir Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevirməyə yönəlmiş vahid strategiya tətbiq etdi. Bu strategiyanın mərkəzində isə insan amili, vətəndaşın rifahı və təhlükəsiz qayıdışı dayanır”.
Vüqar İskəndərov: Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib - AZƏRTAC
Vüqar İskəndərov
Deputat bildirib ki, məhz bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa son səfəri də həm yerli, həm də xarici ictimaiyyətin diqqət mərkəzində oldu: “Bu da səbəbsiz deyil. Çünki, dövlət başçısının bu səfəri regionun gələcəyinə dair strateji yol xəritəsini bir daha aydın şəkildə ortaya qoydu. Bu səfər yalnız rəmzi xarakter daşımır, eyni zamanda dövlətin təhlükəsizlik, iqtisadi inkişaf və sosial reintegrasiya siyasətinin kompleks icrasını əks etdirən konkret qərar və addımlarla müşayiət olundu. Bu kontekstdə deyə bilərik ki, səfərin ən mühüm istiqamətlərindən biri Ağdərənin yeni Baş planının təqdim olunması oldu. Bu sənəd şəhərin gələcək inkişafının konseptual əsaslarını müəyyənləşdirir”.
V.İskəndərov bildirib ki, Ağdərənin məskunlaşdırılacaq ərazisinin genişləndirilməsi və Avropa standartlarına uyğun müasir şəhər mühitinin yaradılması təkcə urbanistik layihə deyil, həm də Azərbaycanın öz torpaqlarına qayıdış prosesini davamlı və dayanıqlı əsaslar üzərində qurmaq əzminin təzahürüdür: “Bu addım eyni zamanda dövlətin azad edilmiş əraziləri regionun iqtisadi, sosial və mədəni həyatına tam şəkildə qaytarmaq istiqamətində qətiyyətli siyasətinin göstəricisidir. Belə deyək ki, dövlətin bu addımları ölkəmizin bu torpaqlarda uzunmüddətli və sabit inkişaf modeli qurduğunu nümayiş etdirir”.
Deputat əlavə edib ki, səfərin ikinci əsas xətti təhlükəsizlik və müdafiə potensialının möhkəmləndirilməsi ilə bağlı idi: “Bunun üçün də səfərin xronologiyasına qısa nəzər salaq. Birinici məqam odur ki, Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması Qarabağ bölgəsinin uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulmasının mühüm tərkib hissəsidir. Qeyd olunduğu kimi, bu mərkəz xüsusi təyinatlı qüvvələrin müasir standartlara uyğun hazırlanmasını təmin etməklə Azərbaycanın hərbi hazırlıq səviyyəsini daha da yüksəldəcək. İkinci məqam isə odur ki, səfər çərçivəsində dövlət başçısı Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak etdi. Heç şübhəsiz bu məqam, yəni, Tərtərdə elektromexanika zavodunun fəaliyyətə başlaması Azərbaycanın müdafiə sənayesinin regionda institusional əsasda möhkəmləndirildiyini göstərir. Daha da dəqiqləşdirsək, keçmiş sovet dövründən mövcud olmuş bu müəssisənin yenidən qurularaq daha müasir texnologiyalar və geniş məhsul spektri ilə fəaliyyətə başlaması Azərbaycanın hərbi-sənaye kompleksinin daxili imkanlarının artmasına xidmət edir”.
Depuatat vurğulayıb ki, səfərlə bağlı üçüncü məqam sosial-iqtisadi reinteqrasiya və məşğulluğun təmin edilməsi ilə bağlıdır: “Səfər zamanı bəlli oldu ki, Ağdərəyə qayıdan əhalinin dayanıqlı şəkildə bölgədə məskunlaşması üçün iş yerlərinin yaradılması əsas prioritet kimi müəyyən edilib. Bu baxımdan “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının birbaşa tapşırığı ilə burada ilk növbədə öz doğma yurdlarına qayıdan vətəndaşların işlə təmin olunması həyata keçirilir. Hazırda yüzlərlə insanın çalışdığı bu kompleks yaxın perspektivdə daha geniş məşğulluq imkanı yaradacaq və Ağdərənin iqtisadi əsaslarını möhkəmləndirəcək”.
Sözlərinə davam edən deputat qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri Qarabağda aparılan bərpa və quruculuq prosesinin artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir: “İnfrastruktur layihələri, sənaye obyektləri, təhlükəsizlik strukturları və sosial layihələr vahid strategiya çərçivəsində icra olunur. Bu isə Azərbaycanın işğaldan azad edilmiş əraziləri yalnız bərpa etmədiyini, eyni zamanda onları ölkənin ümumi iqtisadi və sosial inkişaf sisteminə tam inteqrasiya etdiyini açıq şəkildə ortaya qoyur”.
Cavanşir ABBASLI
Musavat.com


Digər xəbərlər
İlham Əliyevdən Serbiya Prezidentinə Milli Bayram Təbriki
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri paylaşılaraq diqqətə çatdırılıb
Azərbaycan Televiziyası 70, Mədəniyyət TV isə 15 yaşını qeyd edir
İlham Əliyev Münxendə Armin Laşetlə görüşüb
İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
Xəbər lenti
Ən çox oxunan